“Zaman adlı qatar”ın sərnişinləri APA.TV –də
05 mart 2016 15:22 (UTC +04:00)

“Zaman adlı qatar”ın sərnişinləri APA.TV –də

“Balaca uşağın filmdə belə bir rol ifa etməsi mənim üçün də şok oldu. Mən bunu gözləmirdim. Obrazlı dildə desək, bu uşağa baxanda bildim ki,  Azərbaycan kinosunun gələcəyi var. Deyə bilmərəm ki, fövqəladə bir şey çəkmişik. Adi bir filmdir”. Bu fikirləri APA.TV –nin “Səhər zəngi” verilişinin qonağı, rejissor Kənan Musayev deyib.

 

Rejissor bildirib ki, kino bir nəfərin zəhmətinin məhsulu deyil: “Kino insanlara komanda şəklində işləməyi öyrədir. Azərbaycanda komanda şəklində çalışmaq çox çətindir. Film 2007-ci ildə baş vermiş real hadisə əsasında çəkilib. Ana hər kəs üçün müqəddəs məfhumdur. Çox şad oldum ki, məhz ananın müqəddəsliyi haqqında film çəkə bildim”.

 

Kinorejissor, kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayev növbəti dəfə özünü aktyor kimi sınadığını bildirib və təəssüratlarını bölüşüb: “Ömrümdə ikinci dəfədir ki, hansısa verilişdə aktyor kimi çıxış edirəm. İlk dəfə Almaniyada çəkildiyim filmlə əlaqədar ORT kanalında olmuşam. Bəzi aktyorlar məni o qədər incidib ki, çalışmışam, rejissorun başına o oyunu açmayım. Aktyor kimi rejissora tam tabe oldum. O nə dedi, onu da elədim. Aktyor mənim peşəm deyil. Kinoşünaslıq fakültəsinə qəbul olunandan qısa müddət sonra anladım ki, mən instituta yazıb-pozmağa gəlməmişəm. Bəzən rejissorlar məni ya etüdlərə, ya da tələbə filmlərinə aktyor kimi dəvət edirdilər. Elə o zamanda nadir hallarda xırda rollara çəkilmişəm. Sözün düzü, çox xoşuma gəlir. Kənan Musayevlə işləmək mənə çox xoş oldu. Sənətim, peşəm olmasa da, xoşum gəlir. Peşəkar aktyor olmasam da, kamera qarşısında özümü yaddan çıxarıram”.

 

Filmə kinoşünas kimi münasibət bildirən qonaq qeyd edib ki, bu cür filmlər kinonun inkişafına kömək edə bilər: “Tamaşaçı rəğbətinə yönəldilmiş, sərf olunan məbləğin qayıtmasını hədəfləyən filmlərin çəkilməsi müsbət haldır. Özbəkistanda, Gürcüstanda bu təcrübə var. Azərbaycan kinosunun inkişafına bu cür filmlər müsbət təsir göstərə bilər. İlk növbədə, rəqabət yaranır. Hətta düşündüm ki, filmə görə pul almayım, amma sonra xatırladım ki, məndən hamı pul alıb. İnanıram ki, film uğurlu alınacaq”.

 

Ekran əsərində övladını və gəlinini itirən ana obrazını canlandıran xalq artisti Həmidə Ömərova onu filmdə ən çox cəlb edən məqamlar haqqında fikirlərini bölüşüb:

“Kənan müəllim mənə ilk dəfə mövzunu danışanda məni çox maraqlandırdı. Kənan olmuş hadisəni danışdı. Hadisələr Mərdəkanda cərəyan edir. Film qeyri-adi hadisə əsasında ekranlaşdırılıb. Belə ola bilərmi ki, gəlin vəfat etmiş insanın oxşarını tapır. Hesab edirəm ki, filmdə əsas obraz gəlin obrazıdır. Bu obrazı Oksana Rəsulova canlandırıb. Qeyd edim ki, çox təbii, çox gözəl oynayıb. Rejissora deyirdim ki, əsas məsələ aktyorların düzgün seçilməsidir. Əgər gəlin düzgün tapılsa, biz udmuş olardıq. Mənə deyəndə ki, Oksana Rəsulova çəkiləcək, birtəhər oldum. Bütün Azərbaycan onu istedadlı rəqqasə kimi tanıyır. Hindistanda müsabiqə keçirilmişdi, Oksana orada aktyorluq etüdləri göstərirdi. O qədər gözəl və təbii oynayırdı ki.  Hind dilini də çox gözəl bilir. O kadrları izləyəndən sonra əmin oldum ki, bu qız rolun öhdəsindən gələcək”.

 

H.Ömərova deyib ki, bu məsələdə çətinlik Oksananın bir deyil, iki obraz yaratmalı olması idi: “Üstəlik, dramaturji baxımdan bir-birinə xaraktercə bənzəyən, eyni zamanda düşdüyü sosial vəziyyətdən asılı olaraq, fərqli xarakterə malik iki qadın obrazını yaratmalı idi. Onlardan biri kənd qadınıdır, digəri isə şəhər mühitində tanınmış bir müğənnidir. Bu baxımdan çətinlik var idi. Mənim rolum isə gəlinini itirmiş ana idi. Yeganə oğlunu, gəlinini itirmiş ananın dramı idi. Real hadisə əsasında çəkilməsi, inanclı qadın obrazı, üstəlik, süjet xətti xoşuma gəldi. İnanırdım ki, bu film maraqlı alınacaq. Çünki Azərbaycanda baş vermiş qeyri-adi hadisə əsasında çəkilib. O ki, qaldı, Zeynəb rolunun ifaçısı Ayan Babayevaya, o mənim nəvəmi oynayıb. İnanıram ki, Ayan gələcəkdə böyük aktrisa olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar