“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qurban bayramı münasibətilə Tərtər və Ağdamda tədbir keçirib.
Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Qurban bayramının mühüm əhəmiyyəti insanlar arasında varlı, kasıb demədən hər kəsi bir araya gətirməsidir.
Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli bu bayramın dini mahiyyətini vurğulayaraq qeyd edib ki, Allah-təala Qurban bayramında varlılara savab qazanmaları üçün bir fürsət verir: “Varlılar öz mal-mülklərindən bir miqdarını qurbanlıq alıb kəsərək kasıb qohumuna, qonşusuna, tanıdığı və tanımadığı imkansız insanlara paylayırlar”.
Qarabağ Qaziləri İctimai Birliyinin Qarabağ bölgəsi üzrə nümayəndəsi Şamil Əbilov və digərləri “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin həyata keçirdiyi bu humanitar aksiyanı yüksək qiymətləndirib .
Daha sonra birliyin təşkilatçılığı ilə Tərtər şəhərində və Ağdamın Quzanlı qəsəbəsində şəhid və qazi ailələrinə qurban payları paylanıb. Eyni zamanda Tərtərin cəbhə bölgəsində yerləşən Çaylı, Həsənqaya, Şıxarx kəndlərindəki ailələrə də qurban payları verilib.
Qeyd edək ki, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən təşkil olunan bu aksiya Bakıda da davam edib.