“Uçan ələm”in 50 il əvvəlki “sərgüzəştləri” – HEYRƏTAMİZ HEKAYƏT
25 noyabr 2013 16:39 (UTC +04:00)

“Uçan ələm”in 50 il əvvəlki “sərgüzəştləri” – HEYRƏTAMİZ HEKAYƏT

“Sarı Ələm”lə üz-üzə qalan gənc müəllimə başına gələnləri 50 il sonra Lent.az-a yazır

 

Qabil Abbasoğlunun “Uçan ələm”ini (http://news.lent.az/news/146099) oxuyana qədər inanmırdım ki, lap 50 il sonra da olsa, o ələm, o müdhiş “ələmuçurma” haqqında yazıya rast gələcəyəm... 

 

***

 

...Ali təhsili başa vurub, Sabirabad rayonunun Vladimirovka (deyəsən, indi Nizamikənd adlanır) kəndindəki orta məktəbdə ilk əmək fəaliyyətinə başlamışdım. 1963-cü ilin yazıydı. Şagirdlərlə istehsalat praktikasındaydıq. Boş vaxtımız çoxuydu. Doqquzuncu sinif şagirdləriylə MTS deyilən sahədəydik. İş olmadığına görə uşaqlarla müxtəlif söhbətlər eləyirdik. Uşaqlar mənə ələm haqqında danışdılar. Onun nə möcüzələr yaratdığını söylədilər. İlk dəfəydi belə hadisəni eşidirdim. Belə bir şeyin mümkünsüz olduğunu nə qədər desəm də, şagirdlər yenə də ələmin qəribə “hərəkətləri” barədə bildiklərini danışaraq, heyrətlərini gizlətmirdilər. Uşaqları inandırmağa çalışsam da, onlar öz dediklərini dönə-dönə təkrarlayırdılar. Sonunda sözü bir yerə qoyub, bir dəstə uşaqla Moranlı kəndinə getdik...

 

***

 

...Açıq yerdə, zəif ay işığında adamlar halə vurmuşdular. Ortada meydan boşuydu. Ələmi gəzdirən orta yaşlı bir kişi boş sahədə fısıldaya-fısıldaya ora-bura qaçır, qəfildən ələm kiminsə çiyninə qonur və həmin adamdan nəzir alırdı. Bəzən də ələm bir nəfərin çiyninə toxunur və tezcə qaçırdı. Onda adamlar heyrətlənir və həmin adamdan nəzir götürmədiyinə görə təəccüblənirdilər. Bir neçə həmlədən sonra axır ki, ələm insaf eləyib həmin adamın çiynində qərar tuturdu... 

 

Bu, bir tamaşaydı, heyrətli bir tamaşa. Ələmi gəzdirən adam çox vahiməliydi. Ələmdən asılmış yaylıqlar, nəzirlər onu daha da pis göstərirdi. Ələmi gəzdirən adam isə mozalan dişləmiş kimi fısıldayaraq sürətlə ora-bura qaçırdı. Guya onu ələm qaçırır...

 

Şagirdlərlə bir tərəfdə durub, bu tamaşaya baxırdıq. Uşaqların birini öyrətdim ki, get ortadan çıxmayan, ələm gəzdirən o kişiyə de ki, pul gizlətmişik, onu tapsın. Ələm gəzdirən özünü ora vurdu, bura vurdu, ora qaçdı, bura qaçdı, axtardı, guya nalə çəkdi, əsəbiləşdi, ələm kişini əldən saldı, tapa bilmədi. Bir xeyli sonra gizlətdiyimiz pulu götürüb gəldik QAZ 51-ə mindik. Gizlətdiyimiz pul qəpikləriydi, bir manatdan azıydı. Gözləyirdik ki, sürücü gəlsin yola düşək. Uşaqlar nümayişkaranə qayıtdığına görə, kimsə şübhələnib ələmçiyə demişdi... Nə görsək yaxşıdır?! Ələm gəzdirən bir dəstə adamla hücum çəkib maşına, mənə: “Ələm kişini əldən saldı, düş aşağı, şəkk gətirmisən! Bunu maşınınıza mindirməyin, maşın yolda avariya olacaq, ağzı əyiləcək, iflic olacaq”.

 

Qaranlıq gecə, zəif ay işığı, bir də fısıldayan adamın əlində yellətdiyi yaylıqlar sallanan ələm, həm də bir neçə nəfərin “şəkk gətirib, şəkk gətirib, özü də müəllimədir” - deyə çığırmağı dəhşətə gətirdi məni. Gizlətdiyim pulu maşından yerə atdım: “Al, bunun üçün gəlmisən, nə istəyirsən məndən?!”, - dedim.

 

Həmin ələmçi və bir neçə adam yerdən, otların arasından qaranlıqda qəpikləri axtarırdı. Qadınlardan hələ də danışan varıydı: “Ələm özünü yerə çırpır, kişini əldən salır, niyə şəkk gətirmisən, ağzın əyiləcək, qolun qıçın sınacaq, onu heç kim maşınına mindirməsin, yolda avariya olacaq, onda görərsən, bu nə möcüzələrə malikdir...”

 

Gənc, mehriban Rüstəm adlı bir sürücünün maşınında getmişdik, o da məni uşaqlarla birlikdə Vladimirovka kəndinə sağ-salamat gətirdi, sağ olsun, indi bəlkə də həmin sürücü babadır. 

 

Gecə yata bilmədim, bütün hadisəni qələmə alıb “Azərbaycan gəncləri” qəzetinin redaksiyasına göndərdim. Çox gözlədim, dərc olunmadı. Yay tətilində Bakıya gəldim. Redaksiyada oldum. Soruşdum ki, mən bura belə yazı göndərmişdim. Şəkili balası Abdulkərimov məni görüb heyrətləndi. “Onu sən yazmısan?” - deyə inanmadığını bildirdi. Soruşdum ki, bəs niyə çap eləməmisiz? Dedi ki, edəcəyik. Ancaq çap olunmadı, səbəbini isə bilmədim.

 

O vaxtkı kolxoz sədri Gülabba (familiyasını unutmuşam) şəxsən gəlib məndən həmin hadisəni soruşub, maraqlanırdı, təəccüblənirdi.

 

***

 

İndi Qabil Abbasoğlu mənim kimi dinc durmayıb, Moranlı ələmçisinin tamaşasını çox qəşəng qələmə alıb və mənim 50 il əvvəlki xatirələrimi canlandırıb.

 

Hörmətli Qabil bəy, ora camaat özü gedir. Biri danışırdı ki, xəstəydim, bir gecə ələmə bağlanıb yatdım, sağaldım, digəri deyirdi ki, uşağımız olmur, niyyət eləmişəm ələmə bağlanıb gərək bir gecə yatam və s. Bütün bunları xalq, mövhumi fikirli insanlar yaradırlar. Heç kim getməzsə, ələmçi də ora-bura qaçmaqdan xilas olar. Deməli, 50 il əvvəl gördüyüm hadisələr yenə də təkrarlanırmış. Yenə də həmin tamaşa baş tuturmuş, amma şəkillərdən gördüm ki, indi bir az da müasirləşib.

 

Mənim məqsədim şagirdlərə sübut eləmək idi ki, bu hamısı yalandır, fırıldaqdır, adi dəmirdən düzəldilmiş hər hansı əşya heç vaxt özbaşına hərəkət eləyə bilməz! Ortadan çıxmayan, ora-bura qaçan adamdı onu hərəkət etdirən. Ələmi kiminsə belinə bağlayırdı, həmin adam yerindən tərpənmirdi və elan eləyirdi ki, bu adam üçün yaddır, bəziləri isə “əməli saleh adam deyildir” - deyə həmin adamı damğalayırdılar.

 

Ora getməmişdən əvvəl uşaqlar danışmışdılar ki, guya şəhərdən cavan oğlanlar gəlib, pul gizlədiblər, ələm onu tapıb, şəkk gətirən oğlan iflic olub, ölüb... Mənim məqsədim ancaq şagirdləri bu cür şeylərin puç, boş bir şey olduğuna inandırmaq idi. Vəssalam...

 

***

 

İnanıram ki, həmin o aylı gecədə mənimlə birlikdə ora gedən şagirdlərin heç biri indi o cür tamaşalara getməz. Onlar indi ata-anadırlar, oğul-uşaq sahibidirlər, bəlkə də nənə-babadırlar.

 

Canları sağ, işləri avand olsun! Amin!

 

Güllü Məmmədova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5808
avatar

Oxşar yazılar