Azərbaycan-Fransız Universiteti (UFAZ) yaz-yay imtahan sessiyası ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib.
Qeyd edək ki, mayın 27-i, iyunun 8-i tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yaz-yay imtahan sessiyası keçirilib.
UFAZ-dan Lent.az-a verilən açıqlamada bildirilib ki, iyunun 10-da UFAZ-ın Fransadan dəvət olunan daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.
Eyni zamanda, UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də bir qrup tələbənin xüsusi kompüter proqramı vasitəsi ilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə etdiyi müəyyən olunub.
Təsis edildiyi ilk gündən Avropa standartlarına uyğun fəaliyyət göstərən “UFAZ” layihəsi şəffaflıq, dürüstlük və ədalət prinsiplərinə sadiqdir. Bu universitetdə təhsil alan tələbələrin bilik və bacarıqlarının hamı üçün bərabər, heç bir ayrı-seçkiliyə və ya ədalətsizliyə imkan verməyən bir şəraitdə yoxlanılması layihənin təməl prinsiplərindən biridir. Bu və ya digər səbəbdən bir və ya bir neçə tələbə tərəfindən imtahanda digər tələbələrə münasibətdə ədalətsiz üstünlük əldə etmək cəhdlərinin hər zaman qabağı alınıb, imtahan prosesinin və onun nəticələrinin obyektivliyi qorunub saxlanıb.
Bu hadisə ilə bağlı iyunun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilib yekun imtahan nəticələrinin ləğv edilməsi və iyunun 27-28-də təkrar imatahanların keçirilməsinə dair qərar qəbul edib.
Qeyd etmək istərdik ki, hadisə ilə bağlı ADNSU–nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılıb və iyunun 21-də II kurs üzrə təhsil alan bütün tələbələr ilə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.