Mayın 2-si Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Müdafiə Nazirliyi ilə birgə Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı III Gənclər Festivalı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.
Qeyd edək ki, layihədə cari ildə 105 illiyi qeyd edilən 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun, eyni zamanda Qafqazın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatı canlandırılacaq.
Eyni zamanda, festivalda tanınmış şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbə tərəfindən tamaşaçılara təqdim ediləcək.