“Satıcılar qiyməti bizdən xəbərsiz qaldırırlar”
20 mart 2013 07:00 (UTC +04:00)

“Satıcılar qiyməti bizdən xəbərsiz qaldırırlar”

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Müseyib İbrahimov: “Qiymətləri  istədiyimiz səviyyəyə endirə bilmirik”

 

“Bəs televizorda deyirlər ki, hər şey ucuzdu? Hanı bəs?! Amma bazar, qiymətlər yanır ey, yanır”. Bunu el arasında “Vasmoyun bazarı” kimi tanınan “8-ci km bazarı”nda eşitdim. Əhmədlidən gələn Həsən dayı bazardakı qiymətlərdə gileylənirdi. Qiymətlərlə maraqlanırıq. Əslində Həsən dayının sözünə qüvvət bazarda qiymətlər ceyran belindədir. Amma onu da deyim ki, vəziyyətdən tək alıcılar yox, elə satıcıların özü də narazı idi. Alıcılar bahalıqdan, satıcılar isə yer pulundan.

Amma neçə vaxtdır Bakının bir neçə yerində bayramqabağı kənd təsərrüfatı yarmarkaları təşkil edilib. Deyilənə görə, bazarla müqayisədə orada qiymətlər ucuz olmalıdı.

 

Qiymətlərlə tanış olmaq üçün Yasamal rayonu Rabitə Kollecinin həyətində təşkil olunan yarmarkaya üz tuturuq.

 

- Bazarda soğanın 1 kiloqramının qiyməti 30 qəpikdi, burda isə əksinə 40 qəpik. Evimizin yanında bazar var. Fikirləşdim ki, yarmarkada ucuzluq olar. Düzü, arvad evdən bura gəlməyə məcbur etdi (gülür). Nahaq o uzaqlıqda yolu gəlmişəm, burda da bahalıqdır. Bunu bizə Anar adlı alıcı deyir.

 
Bir qədər irəlidə satıcı ilə alıcı mübahisə edir. Məlum oldu ki, satıcı məhsulları televiziyadan gələn çəkiliş qrupunun yanında ucuz, onlar gedəndən sonra isə baha qiymətə satır. Hər halda alıcı belə şikayət etdi: “Çəkiliş zamanı bananın üstündəki qiyməti 1 manat 50 qəpik yazmışdılar. Mən də gözlədim ki, çəkiliş bitsin, banan alım. Elə ki, kameranı yığışdırıb getdilər, bananın qiymətini 2 manat 20 qəpiyə qaldırdılar”. 
 

Qarşıdakı cərgədə satıcıdan pendirlərin qiymətini piştaxtaya niyə yazmadığını soruşdum. Satıcı tez pencəyinin yan cibindən Kənd Təsərrüfatı Nazirliyinin təyin etdiyi qiymətlər siyahısını çıxarıb dedi: “Baxın, mən baha satmıram, siyahıda necə yazılıbsa o qiymətə də satıram”. Amma məhsulların üstündə satış qiyməti yazılmadığından satıcının doğru deyib-demədiyini öyrənə bilmədik.
 

Alıcıların qiymətlərdən narazı olduğunu eşidən bir nəfər satıcı dözməyib  dilləndi: “Niyə hamınız bizdən narazılıq edirsiniz? Bizlik heç nə yoxdur. Nə qədər yer pulu veririrk. Bunu heç kim bilmir. Hələ başqa “rasxodlar”ı demirik”.  

 

Alıcıların və satıcıların fikrini öyrəndikdən sonra süni qiymət artımıyla bağlı Yasamal rayon İcra Hakimiyyətinin kənd təsərrüfatı yarmarkasına təyin olunmuş məsul nümayəndəsi Müseyib İbrahimova da müraciət etdik. Onun sözlərinə görə, yarmarkanın təşkil olunmasında məqsəd bayram qabağı ərzaq bolluğunun yaradılması, qiymət intizamına nəzarət və qiymətlərin vətəndaşların alıcılıq qabiliyyətinə uyğunlaşdırılmasıdır: “Yəni qiymətlərin bir az da olsa aşağı salınmasıdır. Gündəlik tələbat məhsulları - kartof, soğan, alma, göyərti və s. qiyməti bazar qiymətlərindən 20-35 faiz aşağı salınıb. Lakin elə məhsullar da var ki, bazar onu necə tənzimləsə də, qiymətini  istədiyimiz səviyyəyə endirə bilmirik. Məsələn, bu gün bizə bir neçə vətəndaş şabalıdın qiymətindən şikayət edib. Şabalıdın mövsümü  bitsə də bayram günlərində ona tələbat çoxdur. Soğanın qiymətinin baha olmasına gəlincə isə ola bilsin ki, satıcı qiymətləri bizdən xəbərsiz qaldırıb. Yarmarkaya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri nəzarət edir. Bu cür hallar aşkarlanan zaman dərhal müdaxilə edilir”.

 

M. İbrahimov bildirdi ki,  alıcı və satıcılar üçün yaradılan şəraitlə tanış olmaq, məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanmaq üçün kənd təsərrüfatı naziri İsmət Abbasov və Yasamal İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev yarmarkaya gəlib. “Nazir bir piştaxtada qiymətlərin yazılmadığını gördü. Satıcı qiymətləri gizlədərək, alıcıları aldadırdı. Bu səbəbdən də onun bazardan çıxarılmasına göstəriş verildi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar