Tanzaniyada seçkilərə qarşı keçirilən etirazlar zamanı yüzlərlə insan həlak olub. Əsas prezidentliyə namizədlər seçki bülletenlərindən çıxarıldıqdan sonra nümayişçilər küçələrə axışıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, baş müxalifət partiyasının məlumatına görə, Tanzaniyada seçkilərə qarşı keçirilən üç günlük etirazlar zamanı təxminən 700 nəfər həlak olub.
Etirazlar çərşənbə günü - seçki günü alovlanıb. Buna səbəb nümayişçilərin əsas namizədlərin prezident seçkilərindən kənarlaşdırılmasını müxalifətin boğulması kimi qiymətləndirməsi olub.
Çərşənbə günü Tanzaniya vətəndaşları seçki məntəqələrinə gəlib. Bu seçkilərdə prezident Samia Suluhu Hassanın əsas rəqiblərin prezident yarışından kənarlaşdırılması və repressiyaların güclənməsi fonunda hakimiyyətini daha da möhkəmləndirəcəyi gözlənilirdi.
Aprel ayında müxalifət partiyasının sədr müavini Tundu Lissu həbs olunub və dövlətə xəyanət, eləcə də kibercinayətlərlə ittiham edilib. Seçki sistemində islahat aparılmadığı halda seçkilərin boykot edilməsinə çağırmış partiya daha sonra seçkilərdən kənarlaşdırılıb.