“Televiziya və radio sahəsində çalışdığımız üçün tələsik addım atmağın düzgün olmadığını düşündük. Tamaşaçı səni qəbul edəcəkmi, sən hazırsanmı tamaşaçı qarşısına çıxmağa bu kimi suallara cavab tapmalısan. İlk addımı atanda qazancdan öncə xalqın sevgisini qazanmağı düşündük. Ekranda kimlərəsə söz ataraq, sataşaraq, kiminsə bostanına daş ataraq deyil, səhnəyə sırf sadə azərbaycanlı kişisi çıxmaq istədik”.
Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, “RS qardaşları” qrupunun üzvü Rəşad Həmidov deyib.
Qrup üzvü qeyd edib ki, 15 ildir səs rejissoru, aranjemançı və bəstəkar kimi bir çox müğənnilərlə çalışıb: “Bunu nəzərə alaraq, düşündüm ki, artıq zamanıdır. Bir çox müğənnilərin çalışmasını görmüşəm və nə etmək lazım olduğunu bilirəm. Şou-biznesin marketinqi haradan başlanır? Onu necə qurmaq lazımdır? Düzgün ifadə tərzi, yanaşma necə olmalıdır? Bunları psixoloji cəhətdən həll etdik. Həm də gözləyirdim ki, qardaşımın səsi tam formalaşsın”.
Müğənni bildirib ki, bir çox ifaçılardan fərqli olaraq, onlar mahnılarının sözlərini, musiqisini özləri yazırlar, aranjeman və studiya yazılışını da özləri həyata keçirirlər:
“Musiqi məktəbinə gedəndə orada təhsil alıb formalaşmaq olur. Qardaşıma musiqini səs rejissoru kimi başa salmışam. Yəni, səs nədir, forması necədir, səslə necə işləmək lazımdı, boğazda səsi necə qurmaq lazımdı, hansı janrı necə təqdim etmək lazımdır. Bir çox ifaçılardan fərqli olaraq, öz musiqilərimizi özümüz bəstələyirik. Əksər mahnıların sözləri mənə məxsusdur. Aranjemanı da ikimiz edirik. Studiyada da səsimizi özümüz yazırıq. Elə bu səviyyəyə çatmaq üçün çalışırdıq. İnsanların münasibətinə, qınaqlara psixoloji cəhətdən hazırıq. Psixologiyanı yaxşı bilirəm”.
Qonaq, müasir dövrdə mahnı mətnlərində qəmginliyin çox olduğunu və bunun heç də müsbət hal olmadığını qeyd edib: “Söz yazarları demək olar ki, ancaq ayrılıqdan yazırlar. Musiqi pozitivliyini itirib. Depressiyaya düşməyin səbəblərindən biri də musiqidir. Mahnılarda ancaq giley-güzar, kədər, ayrılıqdan bəhs olunur”.
“RS qardaşları” qrupunun digər üzvü Sərdar Əlisgəndərli isə bildirib ki, yeni fəaliyyətə başlayan qrupa tənqidlər də olur: “Ən böyük tənqidçimiz digər qardaşımızdır. Dinləyir, baxır, sonra isə mütləq rəy bildirir. Dostlarımız arasında da iradlarını bildirənlər var”.