Bu ilin mayın 10-da açılan, Heydər Əliyev Sarayından Füzuli meydanına kimi uzanan “Qış parkı”nın bir hissəsi dünən təmirə bağlanıb. Yeni açılan parkın təmirə bağlanmasının səbəbi isə, parka döşənən qranit piltələrin sıradan çıxmasıdır. Eyni zamanda parkın ot örtüyü də sıradan çıxıb, əkilən ağacların çoxu quruyub. Parkın təmir gedən hissəsində sakinlərin gəzməsinə icazə verilmir.
Bakı Şəhər İcra Hakimiyyətinin Abadlıq İdarəsini əməkdaşları “Yeni Müsavat”a bildirdilər ki, təmir işləri parkın bir hissəsini əhatə edir və iyulun 16-da onlara tapşırıblar ki, ərazidə olaraq işə başlasınlar. Parkda olarkən ot örtüyünün yenidən dəyişdirildiyinin, sıradan çıxan daş lövhələrin yeniləri ilə əvəz olunduğunun şahidi olduq. Qranit piltələr yerə döşəndikdən sonra, xəbərdarlıq edici lentlə ərazi hasarlandı, parkın bu hissəsinə sakinlərin girişinə qadağa qoyuldu.
Qeyd edək ki, yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın uzunluğu 1 km, eni isə 150 metrdir. İstirahət parkının 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənib. Burada 5 fəvvarə kompleksi quraşdırılıb. Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb. Dayanacaqda piyadaların parka çıxışı üçün də 32 keçid var.
Xatırladaq ki, Füzuli və Mirzağa Əliyev küçəsində yerləşən evlər sökülüb, burada yaşayan sakinlər zorla evlərindən çıxarıldıqdan sonra “Qış parkı” salınıb.