“Komandir dedi bunları öldür, əlim qalxmadı” – SÖHBƏT
13 avqust 2013 17:09 (UTC +04:00)

“Komandir dedi bunları öldür, əlim qalxmadı” – SÖHBƏT

İndiyədək “Əsgər gündəliyi”nin qonaqlarını bir məqam birləşdirib: Sovet ordusunda xidmət etməkləri. Növbəti qonağımız da Sovet ordusunun əsgəri olub. Amma bir fərqlə; o, Əfqanıstanda xidmət edib. Necə deyərlər, beynəlmiləl borcunu yerinə yetirib. Layihəmizin qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam, "Qorqud" Araşdırmalar Mərkəzinin sədri Tərlan Eyvazovdur.

 

“Həmin gün xeyli odekolon içdim...”

 

Eyvazov Tərlan Baba oğlu 13 avqust 1960-cı ildə indiki Hacıqabul rayonu Qızılburun kəndində anadan olub. Maraqlıdır ki, onunla görüşümüz ad günü ərəfəsinə təsadüf etdi. Tərlan bəy də söhbətə elə Əfqanıstanda keçirdiyi ad günündən başladı:

 

- 20 yaşım tamam olurdu. Biz o zaman Əfqanıstanın Herat şəhərinin ətrafında çöllərdə idik. SSRİ-də xidmət edən əsgərlərdən fərqli Əfqanıstanda çox şey çatışmırdı, o cümlədən də spirtli içki. (Gülür) Amma əsgər yoldaşlarım da dirəşmişdilər ki, mütləq ad günümü qeyd etməliyik. Əfqanıstanda haradan tapaydıq arağı. Məcbur olduq odekolon içməyə, araq əvəzi. Bir sözlə, həmin ad günümdə xeyli odekolon içib dəmləşdik. (Gülür)

 

Həmsöhbətimiz deyir ki, 1979-cu ilin payız çağırışında orduya yollanıb. Bakıdan yola düşən bir vaqon azərbaycanlı ilə birlikdə onları Odessa Hərbi Dairəsinə gəliblər. Tərlan bəy həmin hərbi dairənin quru qoşunlarının artilleriya diviziyasına düşüb. Cüdo üzrə idman ustası olması və rus dilini bilməsi hərbi xidmətdə onun işinə yarayıb.

 1979-cu ilin dekabr ayında 40-cı ordu Əfqanıstana daxil olandan az sonra Eyvazovun xidmət etdiyi diviziya da ora göndərilir.

 

- Əvvəlcə bizi Əfqanıstana apardıqlarını demədilər. Dedilər ki, Türkmənistandakı 40-cı ordu Əfqanıstana göndərildiyi üçün onun yerinə yerləşəcəyik. Türkmənistanın Kuşka şəhərinə təzə çatmışdıq. Bir gün bizi sıraya düzdülər və tanımadığımız bir general- leytenant çox qısa çıxış edərək bildirdi ki, Əfqanıstana gedəcəksiz. Düzü, bu xəbər əksər əsgərləri, eləcə də məni çox sarsıtdı. Şokdaydıq. Çünki biz artıq Əfqanıstanda nələrin baş verdiyini eşidirdik... Aramızda hətta intihara etmək istəyənlər oldu. Üç gün sonra bizi hərbi maşınlara doldurub qaranlıq bir gecədə keçirdilər Əfqanıstana. Düşdüyümüz yerdə hər şey bizə qəribə görünürdü: bizdən bir ay əvvəl gələn əsgərləri tamamilə fərqli, səhra formasında, üst başları pis vəziyyətdə gördük...

 

“Əlim gəlmədi onu güllələməyə...”

 

Keçmiş sovet əsgərinin Əfqanıstanla bağlı xatirələri də az deyil.

 

- İndi kimlərəsə vəhşi məkan kimi görünən Əfqanıstandan fərqli Sovet hökuməti orada yeni binalar, yollar, qəsəbələr, mikrorayonlar salmışdı. Təhsil, səhiyyə və digər sahələrdə əməlli uğura nail olmuşdu. O vaxt Əfqanıstanda hətta qısa ətəkli paltar geyinən qızlar sərbəst gəzirdilər. İndi ABŞ SSRİ-nin yerişini yerimək istəyir. Amma undur ki, o vaxt SSRİ Əfqanıstanda tək idi və ABŞ da daxil olmaqla hamı SSRİ-nin üstünə düşmüşdü. Amma indi ABŞ Əfqanıstandadır və digər dövlətlər də ona dəstək verir, əfqanlar isə təkdir, buna baxmayaraq ABŞ SSRİ-nin etdiklərini hələ də edə bilmir...”

 

 

 

“15 yaşlı qızı zorladıqlarına görə 2 əsgəri güllələdilər”

 

 

 

Həmsöhbətim deyir ki, bu gün SSRİ Ordusunu Əfqanıstanda olduğu dövrü xatırlayanlar buna sırf işğalçılıq, yerli xalqın qırğını adı verirlər, amma belə deyil:

 

- Düzdür, reydlər zamanı aramızda əsgərlər vardı ki, özlərini yaxşı aparmırdılar. Talan, hətta zorlama hallarını da rast gəlinirdi. Amma bu, məhz Sovet əsgərinin Əfqanıstanda olmasına görə deyildi. İstənilən halda başqa ölkədə hansı məqsədlə getməsindən asılı olmayaraq hər əsgərin içində bir qabalıq, kin yatır. Çoxlarında olmasa da bəzilərində bu, hərdən üzə çıxır. Amma Sovet hökuməti Əfqanıstanda bu kimi hallara qarşı amansız idi. Məsələn, bir dəfə çay kənarında silahsız bir əfqana atəş açan əsgəri həbs edib 6 il iş verdilər. Bundan başqa biri də azərbaycanlı olmaqla 4 əsgər reyd zamanı kəndlərin birində 15 yaşlı qızı zorlamışdılar. Buna görə onların ikisini güllələdilər, ikisinə isə 15 il iş verdilər. Amma indi ABŞ əsgərlərinə istər İraqda, istərsə də Əfqanıstanda etdiklərinə baxın...Bir dəfə bizə siqnal çatmışdı ki, yaxınlıqdakı kənddə mücahidlər var. Kənddə reyd keçirdik, amma heç kimi tapmadıq. Amma kənddən çıxanda bir az aralıda iki nəfərin qaçdığını gördük və dərhal atəşlə birini yıxdıq, o biri də qaçmadı, oturdu onun yanında. Yaxınlaşıb gördük ər-arvaddır Arvadı yanında diz çöküb oturmuşdu. Komandirimiz onlara ayağa qalxmağı əmr etdi. Kişi etinasız formada işarə elədi ki, yaralıdır və qalxa bilməyəcək. Bunu görən komandir dərhal mənə əmr verdi ki, ikisini də güllələyim. Komandirə bunu edə bilməyəcəyim dedim. “Bunlar günahsızdılar komandir” deyib, etmədim. Axırda komandir də razılaşıb, onlardan əl çəkdi. Bizə də göstəriş verdi ki, kişinin yarasını sarımaq üçün bint verək, uzaqlaşaq.

 

“Zakir Sadatlının yazdıqlarını heç ruslar yaza bilməyiblər”

 

Tərlan bəy deyir ki, Əfqanıstan döyüşləri ilə bağlı xatirələri ən yaxşı formada qələmə alan, bölüşən mərhum yazıçı-jurnalist, keçmiş əfqan döyüşçüsü Zakir Sadatlıdır:

 

- Mən Zakirlə orada tanış oldum. Biz motoatıcı hissədə olsaq da, o, kəşfiyyat bölüyündə idi. Onun “Əfqanıstan uçurumu” kitabı Əfqanıstanda baş verənlərin güzgüsüdür. Zakir elə yazıb ki, heç bu gün ruslar da o dövrü elə təsvir edə bilmir. Mən dəfələrlə demişəm ki, o vaxt biz orada döyüşəndə missiyamızdan asılı olmayaraq böyük bir dövləti arxamızda hiss edirdik və indi onun əsgəri kimi o dövlətin yoxluğu bizi təəssüfləndirir. Zakirin kitabında da bu nüansı və təəssüfü aydın hiss etmək olur.

 

 

“Mən fəxr edirəm ki, Sovet ordusunun əsgəri olmuşam”

 

 

Həmsöhbətim deyir ki, Sovet əsgəri Əfqanıstandan məğlub çıxmayıb, əksinə, ona verilən vəzifəni layiqincə yerinə yetirib:

 

- Sadəcə başımızda duran siyasilər bunun arxasını gətirə bilmədilər. Bunun siyasi tərəfi uğursuz oldu...”.

 

Əfqanıstandan tərxis olandan sonra Azərbaycan Pedaqoji İnstitutunun Bədii Qrafika fakültəsini, ardınca isə o vaxtkı “Partşkola”, indiki Prezident yanında İdarəetmə Akademiyasında təhsil alır. Rəssamlıq istedadı isə onda əvvəldən, hələ əsgərliyə getməmişdən olub. Elə indi də orada gördüklərini kətan üzərinə köçürməkdə davam edir... Bu ilin iyun ayında isə APA Holdingin dəstəyi ilə döyüşçü rəssamların sərgisini təşkil edib. Ermənistanın Azərbaycana qarşı işğalı, Dağlıq Qarabağda döyüşlər başlayan kimi isə dərhal keçmiş “əfqan” dostları ilə bərabər cəbhəyə atılır:

 

- 777 və 776 saylı hərbi hissələri biz yaratmışıq. 776 saylı hərbi hissənin isə komandir müavini olmuşam. Eyni zamanda döyüşlər başlamamışdan əvvəl müxtəlif yolla keçmiş sovet hərbi hissələrdən silah alıb yeni yaranan batalyonlara. Keçmiş əfqan döyüşçülərinin Qarabağ döyüşlərində rolu danılmazdır. Bəzən soruşurlar ki, Sovet ordusunda, elə qanlı-qadalı yerlərdə xidmət etməyə peşman deyilsiniz?

Cavab verirəm ki, heç vaxt! Mən fəxr edirəm ki, Sovet ordusunun əsgəri olmuşam və Əfqanıstanda xidmət eləmişəm! Bu bizim missiyamız idi və bunu uğurla da başa vurduq!

 

 [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Mübariz Aslanov

Oxşar yazılar