AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
Qurumdan Lent.az-a verilən xəbərə görə, növbəti belə yerlər Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, "Kontakt Home" və "İrşad Telecom"un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində "Amber Hotel"in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.