Siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun “İnkişaf və sülh ideyaları (III kitab)” adlı yeni əsəri çapdan çıxıb.
Lent.az-ın xəbərinə görə, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayılın redaktorluğu ilə işıq üzü görən kitabda inkişaf, sülh, sabitlik, və insan hüquqları kimi kateqoriyaların qarşılıqlı əlaqəli və şərtləndirici məzmunu öz əksini tapır.
İnsan hüquqlarının tərkibi olan təbii hüquqların (baza hüquqları) və pozitiv hüquqların (baza hüquqlara xidmət edən və fəaliyyətlə, o cümlədən əldə olunan resurslarla və vasitələrlə genişlənən hüquqlar) yüksək səviyyədə təmin olunmasının inkişafa, sülhə və sabitliyə xidmət etməsinin əsasları şərh olunur. Azərbaycanda cəmiyyətin gələcək inkişafı, sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün əvvəlki ideyaların davamı olaraq bəzi ideyalar irəli sürülür, sülhün təminatının əsaslarına dair ümumiləşdirilmiş fikirlər yer alır. Azərbaycan xalqının dünyada daha da geniş şəkildə tanıdılması üçün yeni tanıtım kriteriyalarının əsasları şərh olunur. İnkişafın sürətlənməsi və demokratiyanın güclənməsi naminə bəzi ictimai və siyasi tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilir. Eyni zamanda inkişafa mane olan amillər və onların aradan qaldırılmasının nəzəri əsasları haqqında bir çox fikirlər söylənilir. Kitabda əhalinin gələcəkdə artımı üzrə ciddi siyasətin həyata keçirilməsi və azərbaycanlıların digər cəmiyyətlərə sürətli inteqrasiyası üçün müəyyən fikirlər öz əksini tapır.
Kitab mütəxəssislər - sosioloqlar, politoloqlar, jurnalistlər, siyasətçilər, həmçinin geniş oxucu kütləsi üçün faydalı ola bilər.