Təhsil naziri Mikayıl Cabbarov “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr verib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsabiqə VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçiriləcək.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.
Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Tapşırıqları münsiflər heyəti yoxlayıb müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək. İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri maksimum 10 balla qiymətləndirilir. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunur.