“Bənövşəyi” xəttin tikintisində yenilik
14 yanvar 2016 16:21 (UTC +04:00)

“Bənövşəyi” xəttin tikintisində yenilik

 

Ölkə prezidentinin “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun olaraq bu gün «Herrenknecht» qazma kompleksi “Bənövşəyi xətt”in şərti olaraq “B-4” adlanan stansiyasına (Heydər Əliyev adına idman kompleksinin arxası) daxil olub.

 

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu vaxta qədər Bakıda ay ərzində 60-65 m tunel sahəsinin inşası rekord göstərici sayılırdısa, yeni qurğular həmin müddətdə 350-400 m tuneli tam hazır şəklə gətirir. Yeni komplekslə qazıntı işi qruntun çıxarılması, tunel geyiminin quraşdırılması və onun arxasına möhkəmləndirici məhlulun vurulması ilə paralel aparılır.
 

 

Almaniya istehsalı olan “Herrenknecht” qazma kompleksinin «Bənövşəyi» xəttin «Avtovağzal» stansiyasından «Memar Əcəmi-2» stansiyasına doğru hərəkəti 2011-ci il avqustun 1-dən başlayıb. İndiyə kimi 4630 m yol qət edən qurğu bu gün xəttin şərti olaraq “B-4” adlanan stansiyasına daxil olub. “Herrenknecht” həmin müddət ərzində bütün yolunu qapalı sahədə davam etməklə, kənardan müşahidəsi mümkün olmayan işini başa vurub, ilk dəfə olaraq açıq sahəyə çıxıb.

 

 
Qazma kompleksi indiyə kimi qət etdiyi məsafədə özündən sonra 6 m diametrə malik 4630 m yüksək səviyyəli dəmir-beton tunel qoyub. “Herrenknecht” nəinki Azərbaycanda, Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən mexaniki qazma kompleksidir. O, Almaniya müəssisəsinin bu tipli 599-cu məhsuludur. kompleks bu sahədə işini başa vuraraq, estafeti başqa bir qazma sipəri ilə davam etdirəcək.

 

“Bənövşəyi xətt”in şərti adı “B-5” olan stansiyası (“Qış bulvarı”nın yanı) istiqamətindəki sahənin hidrogeoloji şəraitinə uyğun qazma maşını üçün artıq montaj kamerası hazırlanıb. Bu gün işini başa vurmuş sipər isə gələcəkdə başqa sahələrdə istifadə ediləcək. Yeni sipərin quraşdırma işləri başa çatdıqdan sonra, «Herrenknecht» yolunu “B-5” stansiyasına doğru davam etdirəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar