Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresin açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə,Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə konqres iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, kardiocərrah Kamran Musayev çıxışında bildirib ki, “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresinin Heydər Əliyevin xatirəsinə həsr olunması təsadüfi bir hadisə deyil: “90-cı illərdə Azərbaycan çox çətin bir dövrdən keçdi. Ölkəmiz məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həmin çətin vəziyyətdən çıxa bildi. Həmin siyasət nəticəsində eyni zamanda bu gün Azərbaycan səhiyyəsi qürur duyulası bir səviyyəyə çatıb. Məhz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi davamı olaraq cənab prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin sürətli inkişafına səbəb olub. Bu ilki konqresimizdə dünyanın 24 ölkəsindən, ABŞ-dan Cənubi Koreyaya qədər 70-ə yaxın mütəxəssis iştirak edir”.
K. Musayev qeyd edib ki, bu dəfə də konqresin proqramının hazırlanmasında kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunmağa və konqresin elmi-praktik səviyyəsinin yüksək olmasına çalışıblar: “Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparacağımız əməliyyatların konqres salonunda canlı yayımı “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Konqres günlərində təşkil edəcəyimiz "Maketlər üzərində femoro – popliteal bypass (bud –dizaltı şuntlama)" və "Dana ürəyi üzərində koronar anastomoz" kurslarının xüsusilə gənc həmkarlarımıza çox faydalı olacağına inanıram. Eyni zamanda, konqresimiz azərbaycanlı həmkarlarımıza dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil edəcəyimiz sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlarımız Azərbaycanımızın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər”.
Konqres işini sabah da davam etdirəcək.