“Azərişıq”da İslam Oyunlarına son hazırlıqla bağlı iclas keçirilib
25 aprel 2017 11:29 (UTC +04:00)

“Azərişıq”da İslam Oyunlarına son hazırlıqla bağlı iclas keçirilib

“Azərişıq” ASC-də IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlarla bağlı iclas keçirilib

                                     

Qurumdan Lent.az-a verilən məlumata görə, iclasda ASC-nin sədri Baba Rzayev bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Azərişıq” ASC qarşısında da çox böyük öhdəliklər var.

 

İclasda qeyd olunub ki, 12-22 may tarixlərində Bakıda keçiriləcək  IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirib.  İdman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə  ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb.

 

Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür. 

 

Bildirilib ki, İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC-nin sədrinin əmrinə əsasən yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah da yaradılıb. Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, aidiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin  təkrar treninqlərə cəlb olunması təmin edilib. 

 

 İclasda qeyd olunub ki, idman tədbirinə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə “Azərişıq” ASC-də xüsusi qrup da yaradılıb.

 

Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcəyini  bildirən Texniki Departamentin direktoru çıxışı zamanı hazırlıqla bağlı ASC-nin 292 əməkdaşı may ayının 10-a qədər  təlim keçəcəklərini qeyd edib. Artıq idman yarışlarının və məşqlərinin keçiriləcəyi yerlər və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti tam yoxlanılıb. Elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilən qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və həmin obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar