Bu gün Milli Qəhrəman Çingiz Mustafayev Fondu, “ANS Qrup”a daxil olan VMF, həmçinin tanınmış “Caran d`Ache” şirkətlərinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanlıyam!” məhdud saylı Platin Qələm Mükafatının 2-ci təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, qələmin üzərinə «Mən fəxr edirəm ki, azərbaycanlıyam!» ifadəsi yüksək sənətkarlıq və zövqlə əks etdirilib. Mükafat Azərbaycana layiqincə xidmət göstərən ölkənin görkəmli şəxslərinə təqdim olunur.
Mərasimdə mükafata layiq görülən altı nəfər – Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi Aleksandr İvanov, millət vəkilləri Fəttah Heydərov və Eldar İbrahimov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, Prezidentin təhlükəsizlik idarəsinin rəisi Bəylər Əyyubov, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov haqda onun silahdaşları kimi məlumat verilib. Mükafatlar “ANS Qrup”un prezidenti Vahid Mustafayev tərəfindən təqdim edilib.
Tədbirdə mükafata layiq görülən Aleksandr İvanov, Fəttah Heydərov, Eldar İbrahimov çıxış ediblər. Natiqlər H. Əliyevin həyat və fəaliyyəti, o cümlədən onun insani keyfiyyətləri haqda danışıblar. Digər təltif olunanların mükafatların isə adıçəkilən şəxslərin nümayəndələrinə təqdim edilib.
Qeyd edək ki, tanınmış “Caran d`Ache” şirkətinin məhsulu olan platin qələm yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikal və vahiddir.
Mükafatın ilk olaraq 23 nəfər layiq görülüb. Bunlar Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri Neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova olub.