"Mayın 1-dən 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb. Bu gün saat 10-na kimi 1 343 nəfər öz ərizələrini təsdiq etdirib. Onlardan 1 309 nəfəri ərizəsini özü, cüzi hissəsi isə ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiqləyib".
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il 9 illik bazadan kolleclərə ayrılan plan yerlərinin sayı keçən ilki plan yerləri ilə müqayisədə fərqlənir.
TQDK sədri əlavə edib ki, 2104-cü ildə ümumi plan yerlərinin sayı 9 601 idisə, bu il isə 8 928 olub. O, bu il plan yerlərinin təxminən 700 yer azaldığını bildirib: "Azərbaycan bölməsi üzrə keçən il 8 871 yer idisə, bu il 8 219 yer, Rus bölməsi üzrə keçən il 215 yer idisə, bu il 190 yer, birgə müsabiqə üzrə yerlərdə keçən il 515 idisə, bu il 519 yerdir".
TQDK sədri magistratura pilləsi üzrə də bəzi rəqəmləri açıqlayıb. O qeyd edib ki, magistratura pilləsi üzrə ixtisas seçiminə 7 375 nəfər buraxılıb: "Mayın 7-dən 12-dək onlar ixtisas seçimində iştirak edəcəklər. Bu zaman onlar öz ərizələrinə daxil olaraq heç kimə müraciət etmədən ixtisaslarını seçirlər. Proses bitəndən sonra isə yerləşdirilmə aparılacaq".
M.Abbaszadə iyunun 2-dən etibarən Azərbaycanda buraxılış imtahanları başlayacağını da xatırladıb. Onun sözlərinə görə, buraxılış imtahanları ilk olaraq iyunun 2-də Bakı şəhərində, sonra isə cədvəl üzrə müxtəlif regionlarda olacaq: "Hazırda rayonlardakı imtahanların vaxtı ilə bağlı müəyyən dəqiqləşmələr aparılır. Hansı istiqamətlər üzrə hansı rayonlarda imtahanların nə vaxt keçiriləcəyi yaxın zamanlarda açıqlanacaq".
M. Abbaszadə qeyd edib ki, bu il əvvəlki illərin məzunları üçün qəbul imtahanları mayın 17 və 24-də olacaq. Cari ilin məzunları üçün isə qəbul imtahanları iyul ayında keçiriləcək.