IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanlarında 700 bal toplayan 6 nəfərdən biri də Qazax rayonu Canallı kənd orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızıdır. O, Lent.az-a açıqlamasında yüksək bal toplayacağına inansa da 700 bal haqda düşünmədiyini deyib: “Tibb Universitetini seçəcəm. Yaxşı cərrah olmaq istəyirəm. Çoxdankı arzum olub”.
S. İsmayılova gələcəkdə imtahan verən abituriyentlərə də məsləhətini verib. “Diqqətli olmaq lazımdır, sualları dəqiq oxuyub başa düşmək vacibdir. Birdə imtahanda həyəcanlanmaq olmaz”.
Səbinənin babası Rza İsmayılov nəvəsinin 2 il ərzində intensiv hazırlaşıb və imtahanda yüksək nəticə əldə etdiyini bildirib: “Məktəbə gedib gələndən sonra evdə oturub dərslərini hazırlayırdı. Onun üçün bütün şərait yaratmışdıq. İmtahanın nəticələri çıxanda 700 bal topladığını eşidəndə ağlamağa başladı. Bu, sevinc göz yaşları idi”.
Atası Emil İsmayılov qızının sınaq imtahanlarında da yüksək nəticə əldə etdiyini deyir. Onun sözlərinə görə, qəbul imtahanından çıxandan sonra qızı sualların hamısına cavab verdiyini desə də cavablar elan olunandan sonra buna tam əmin olublar. E. İsmayılov qızının yüksək bal toplamasında rayonda fəaliyyət göstərən müəllimlərin də əziyyəti olduğunu bildirib.
Səbinənin oxuduğu məktəbin direktoru İlduzə Yusibova yetirmələrinin uğuruna sevindiklərini deyir. “Səbinə daima diqqət mərkəzində olan şagirdimiz olub. Onun uğuru bütün rayonun uğurudur. Məktəbimizdə 600-dan yüksək bal toplayan abituriyentlər olub, amma 700 bal nəticəni ilk dəfə Səbinə göstərib və bizi sevindirib”.
Qeyd edək ki, Səbinə müəllim ailəsində böyüyüb. Onun babası fizika, nənəsi riyaziyyat, anası isə dil ədəbiyyat müəlliməsidir. O, 2015-ci ildə keçirilən kimya üzrə Dünya Olimpiadasında yüksək nəticə əldə edib.