Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb. TQDK-dan Lent.az-a verilən məlumata görə, qeydiyyat prosesi 28 iyun – 11 iyul tarixlərində aparılıb. Magistraturaya qəbul olunan 5359 bakalavrdan ( o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib. 730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızlardır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Boş qalan plan yerləri haqqında məlumat “Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcək. İxtisaslaşma seçimi 08-14 avqust tarixlərində aparılacaq.