Bu il Bakı şəhəri orta məktəblərinin I sinfinə qəbul olunan xüsusi istedada malik uşaqların sayı açıqlanıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu il Bakı şəhəri üzrə xüsusi istedada malik 2400-ə yaxın uşaq I sinfə qəbul olunub. Ötən illərdən fərqli olaraq bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu rayon (şəhər) təhsil şöbələri həyata keçiriblər. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən məktəbə qəbul 6 yaşdan başlanır. Lakin valideynlərin arzusu ilə dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə fərqlənən uşaqlar da Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər. Azərbaycan Respublikası təhsil nazirinin 17 iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl l sinfə qəbulu Qaydaları" belə uşaqların məktəbə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Qaydalara əsasən, vaxtından əvvəl l sinfə qəbul hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin birinci sinfinə qəbul olunmaq istəyənlərlə müsahibə aparmaq üçün yaradılan komissiyalar öz işini başa çatdırıb. Ümumilikdə, müsahibə prosesində 4600 nəfərə qədər uşaq iştirak edib, onlardan 2400-ə yaxınının l sinfə qəbulu məqbul sayılıb.