"Hazırda Respublika Talassemiya Mərkəzində 20 minə yaxın uşaq dövlət hesabına müalicə alır".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən kollegiya iclasında deyib.
O. Şirəliyev bildirib ki, artıq 30 uşaqda sümük iliyi transplantasiyası əməliyyatları icra olunub.
Nazir vurğulayıb ki, səhiyyə sahəsində həyata keçirilən bütün dövlət proqramları artıq öz bəhrəsini verir. Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır: “ Ana və uşaq sağlamlığı ilə bağlı diridoğulmanın yeni meyarlarına keçilib. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq”.
Səhiyyə Naziri daha sonra dünyada problem olan şəkərli diabetdən əziyyət çəkən insanlara dövlət hesabına özünənəzarət aparatların, pompaların, həyati əhəmiyyətli dərmanların dövlət hesabına paylanmasından, habelə böyrək çatışmazlığından əziyyət çəkən insanların hətta bölgələrdə belə həftədə 3 dəfə dializ almaları üçün yaradılan şəraitdən danışaraq deyib ki, hazırda 26-sı bölgələrdə olmaqla 36 Dializ Mərkəzi fəaliyyət göstərir.