Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 885 nəfəri idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb edilib. Qeyd olunan dövrdə DMX tərəfindən 2157 nəfər şəxs kompyuter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Yanvar-avqust aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən 2671 nəfər müvəqqəti xarakterli, o cümlədən birdəfəlik, qısa müddətli, mövsümi işlərə göndərilib. Həmçinin DMX tərəfindən 62670 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.