Dövlət Miqrasiya Xidməti aprel ayına olan statistik məlumatları açıqlayıb. Lent.az-ın xidmətə istinadən məlumatına görə, ay ərzində 2422 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 16-nın Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 163 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1781 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmələri, 462 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9000 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50821 əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 28 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 23 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.