Bu il ərzində "Təmiz Dünya" İctimai Biliyinə ailədaxili zorakılığa məruz qalan 200 qadın müraciət edib. Bu qadınlardan təxminən 150-si məhz ailə zorakılığı ucbatından evdən qaçıblar.
Bu barədə Lent.az-a birliyin hüquqşünası Məlahət Mədiyeva bildirib. Onun sözlərinə görə, hazırda Birliyin sığınacağına evdən qaçan 5 qadın sığınıb. Ay yarım bundan əvvəl evdən qaçan həmin 5 qadın mütəmadi olaraq ailə zorakılığına məruz qalırmış.
Birliyə sığınan qadınlardan ikisinin hər birinin 2 azyaşlı uşağının olduğunu deyən M. Mədiyeva onların əsasən ya orta təhsilli, ya da təhsilsiz olduğunu da bildirib.
Ailə zorakılığı nəticəsində evdən qaçan qadınların böyük əksəriyyəti Gəncədəndir. Bununla yanaşı, Bərdədən də zorakılığa məruz qalan qadınlar birliyə müraciət edib.
Hazırda Azərbaycan ailələrində münaqişələrin daha çox qayınana, baldız kimi kənar müdaxilələrin ucbatından yaşandığını deyən M.Mədiyeva gəlinlərin bu müdaxilələrdən bezərək evdən qaçdığını qeyd deyir : “Qayınana, baldız yazıq gəlini bezdirir. Gəlin də sonda dözməyib uşaqlarını da qoyub gedir. Uşağa da “anan pisdir“ deyə psixoloji təsir edərək məhkəmədə atası ilə qalmasına nail olurlar. Birliyə müraciət edən qadınlardan üzərlərində siqaret söndürülən, bıçaq batırılan qadınlar da var. Hətta elə qadınlar olub ki , əri ilə barışmasına nail olmuşuq. Ancaq 2 -3 ay sonra eyni pis vəziyyətdə yenə birliyə qayıdıb”.
M. Mədiyeva ailə zorakılığına məruz qalan qadınların çoxunun “azad yaşamaq” istəyinə görə əri tərəfindən döyüldüyünü də xüsusi qeyd edib.
Ümumilikdə bu il ərzində 276 nəfərə birlik tərəfindən pulsuz psixoloji yardım edilib, 1000 nəfərə hüquqi məsləhət verilib.