Müəllimlərin işə qəbulu prosesi üzrə indiyədək 14 min namizəd qeydiyyatdan keçib.
Lent.az-ıın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-ın informasiya dəstəyi ilə təqdim olunan "Təməl" verilişində deyib.
E. Bağırov bildirib ki, ötən il müəllimliyə qəbul üçün 22 min nəfər qeydiyyatdan keçmişdi: “ Hazırda 3 min 300-dən çox vakansiya elan olunub ki, bu rəqəm arta da bilər. Bildiyiniz kimi, vakansiya seçimi test mərhələsindən, iyulun 20-dən sonra baş tutacaq. Qeydiyyat prosesi dövründə şəhər, rayon və kənd məktəblərində vakansiyalar olarsa, onları da əlavə edəcəyik. Müsabiqəyə buraxılmış hər namizədin 4 vakansiya seçmək imkanı olacaq”.
Keçid ballarına da toxunan E.Bağırov bildirib ki, qaydalara əsasən müsabiqədə keçid balı Nazirlik tərəfindən müəyyən edilir. Keçən il şəhər və rayon məktəblərinə keçid balı 80 % (48 bal) , kənd məktəblərinə ( həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərdə) keçid balı isə 60 % ( 36 bal) təşkil edib. Bu il də həmin keçid balları qüvvədədir və aşağı salma ehtimalı yoxdur.
Müəllimlərin işə qəbul müsabiqəsində yalnız ümumtəhsil müəssisələrində müəllim vəzifəsində işləməyən şəxslərin iştirak edə biləcəyini qeyd edən E.Bağırovun sözlərinə görə, bəzi hallarda məktəbdə çalışan laborant, tərbiyəçi, günü uzadılmış qrup rəhbəri, kitabxanaçı da bu müsabiqədə iştirak etmək hüququna malik olsa da, onların əmək müqavilələri müəssisə rəhbərliyi tərəfindən elektron bazaya doğru daxil edilmir və onların vəzifəsi müəllim vəzifəsi kimi təqdim edilir: “ Bu halda bizim sistem onların müsabiqəyə qatılmaq hüququnu məhdudlaşdırır. Belə problemlə qarşılaşan hər namizəd miq.edu.az saytında “Əlaqə” bölməsinə daxil olub İnsan Resursları Şöbəsinin əməkdaşları, ya da “Qaynar xətt”lə əlaqə saxlaya və müraciət edə bilərlər. Həmin namizədlər əvvəlcə işlədikləri məktəblərdə konkret olaraq tutduğu vəzifəyə dair Nazirliyin “Vətəndaşların Qəbulu Mərkəzinə” arayış təqdim etməlidirlər və yaxud elektron qaydada əmək müqaviləsini skan edib həmin miq.edu.az saytının “Əlaqə” bölməsində göstərilən elektron ünvana göndərməlidirlər".
E.Bağırov bildirib ki, bu il ali təhsil müəssisələrini pedaqoji profildə bitirən, diplomunu hələ almayan və bu müsabiqədə iştirak etmək istəyən namizədlər sadəcə bitirdikləri təhsil müəssisəsindən təhsili bitirmələrinə dair arayış almalıdırlar və ərizədə tələb olunan “diplomun seriya və nömrəsi” bölməsinə arayışın nömrəsini daxil etməlidirlər. Müsabiqənin müsahibə mərhələsində arayışlar komissiyaya təqdim edilməlidir.
Bildirək ki, ərizədə qeyd edilən məlumatlardan hansınınsa doğru olmadığı aşkara çıxarsa, həmin namizədin istənilən mərhələdə nəticələri ləğv olunacaq.
Ərizədə səhv edilməsi və yenidən bərpa edilməsi ehtimalına da toxunan E.Bağırov deyib ki, ərizədə diplomun seriyasında hansısa rəqəm ya yaşayış ünvanında səhvə yol verilibsə, bunun namizədin işinə heç bir təsiri yoxdur. Yalnız ixtisas seçimində səhv olubsa, bu məsələyə fərdi qaydada baxıla bilər.