Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalan Arəstə Baxışovanın ailəsi də sosial dəstəklə əhatə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, qurum əməkdaşları ailə ilə görüşüb, vəziyyəti ilə tanış olub və göstəriləcək dəstək istiqamətlərini müəyyən ediblər:
"Ailə 7 nəfərdən ibarətdir (Şəhidin 2 övladı, anası, qardaşı, qardaşının yoldaşı və iki uşağı var).
Şəhidin anası və qardaşı işləyirlər, birgə əməkhaqları 800 manatdır.
Ehtiyac meyarları nəzərə alınaraq və müraciət olunmasına texniki dəstək göstərilməklə, ailəyə aylıq 400 manat ünvanlı yardım təyin edilib.
Şəhidin 9 və 12 yaşlarında iki övladı – Mərdan və Zəhra rəsmi olaraq artıq nənələrinin himayəsinə verilib. Bununla əlaqədar nənə qəyyum kimi aylıq müavinət (100 manat) alacaq.
Habelə ailəyə dəfn üçün birdəfəlik müavinət (300 manat) veriləcək.
Bununla yanaşı, ailənin Prezidentin aylıq təqaüdü (300 manat), şəhidin hər uşağına aylıq müavinət, ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və s. xərclər üçün aylıq müavinətlə təmin edilməsi istiqamətində sənədləşmə işləri yekunlaşmaq üzrədir".