"2022-ci il yanvarın 13-də növbəti Ümrə ziyarəti nəzərdə tutulub".
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, ziyarət müddəti yanvarın 20-nə qədər davam edəcək.
Şöbə müdiri deyib ki, QMİ ziyarət zamanı zəvvarların təhlükəsizliyinə tam zəmanət verir: “Ziyarəti müxtəlif turizm şirkətləri də həyata keçirir, ancaq bu zaman onların təhlükəsizlikləri ilə bağlı tam qarantiya verilmir. Çünki bunlar sıravi şirkətlərdir, QMİ isə dini mərkəzdir”.
Ümrə ziyarəti üçün tələb olunan məbləğə gəldikdə isə şöbə müdiri diqqətə çatdırıb ki, qiymət təxminən 1440 dollardır: “Bura təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer və QMİ-nin təcrübəli rəhbərlərinin səfər boyunca ayinlərin icrası və səfərlər zamanı həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verilməsi, o cümlədən ziyarət üçün tələb olunan sığorta daxildir. Ehram geyimi, Zəm-zəm suyu və geri dönərkən PCR testi zəvvarlara hədiyyə olunur".
V. Cahangiri vaksin məsələsi ilə bağlı da vətəndaşlara müraciət edib. O qeyd edib ki, ziyarət üçün əsas şərt səfərdən iki həftə əvvəl mütləq ən azı 1 doza “Pfizer” vaksini vurulmalıdır: “İki doza “Sinovac” vurulsa belə, Səudiyyə Ərəbistanı bunu qəbul etmir. Həmin vaksini vurduranlar belə mütləq bir doza “Pfizer” vurdurmalıdır. Amma əvvəl “Sinovac” vurulmayıbsa, mütləq iki doza “Pfizer”lə getmək mümkündür”.
Qeyd edək ki, pandemiya başladığı dövrdən Ümrə ziyarəti də dayanmışdı. Pandemiyadan sonra Azərbaycandan ilk zəvvar qrupu dekabrın 2-dən 9-na qədər Ümrə ziyarəti həyata keçirib.