Üç mərtəbə qəbirlər, tilsimli mağara, yoxa çıxan kənd – Səbuhi Məmmədli “dəliqanlılar” yurdundan yazır
24 sentyabr 2021 18:35 (UTC +04:00)

Üç mərtəbə qəbirlər, tilsimli mağara, yoxa çıxan kənd – Səbuhi Məmmədli “dəliqanlılar” yurdundan yazır

- Bir azdan bu yolu getmək mümkün olmayacaq. Hələ 16 kilometr də getməliyik. Ən çətin yol da qabaqdadır. Amma sanki tarixə səyahət eləyəcəksən, ömür boyu yadından çıxmayacaq.     

Dostumuz Emin deyir bunu. Bu tarix, bu cənnət məkan, bu unikal yer isə Buduqdu. Öz dili, öz ənənəsi, öz adətləri olan unikal bir kənd. 

- Sən bir ay buraları gəz, bir illik mövzun var. Cekə, Qrıza gedək. Hərəsinin də öz dili. Quba çox unikal rayondur. Buranı yaxşı araşdıralar təki. 

Lent.az müxbiri olaraq bu unikal rayonun ən unikal kəndlərindən olan Buduqa gedirik. Qubanın 64 km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yamacında yerləşir bu kənd. Adi maşınla bura gedib çıxmaq mümkünsüz. Elə buduqlular da Qubaya nadir hallarda gələrlər. Ya aylıq bazarlıqlarına, ya da hansısa sənədin dalınca. 

Buduqda indi 30 ev ola, ya yox. Emin əliylə göstərir: 

- Bax, bura bizim ata yurdumuz olub, dağılıb gedir. 

Kövrəlir, danışa bilmir. Dumduru bulaqdan su içib bir az toxtayır. 

Kənddə təmtəraqlı evlərə, necə deyərlər villalara rast gəlmək mümkün deyil. Əksər evlər qəzalı vəziyyətdədir. Dağılıb gedir. Amma bir mistika  var bu kənddə. Sanki tilsimlidir, adamı özünə çəkir, buraxmır... 

Buduq sözünün müxtəlif mənalarda izah edirlər. Amma ən çox qəbul olunanı, buduq sözünün  türk dillərində “dəliqanlı” demək olmasıyla bağlıdır. Kənddə olduqca qədim qəbiristanlıqlar, mağaralar var. Açığı, çoxu haqda sadəcə əfsanələr gəzir, tarixləri dəqiqi öyrənilməyib. Qəbir daşlarının çoxu əyilib, əksəriyyəti torpağa qarışıb.  Azərbaycanın bütün kəndlərindən fərqli, burada ümumi qəbiristanlıq yoxdur. Hər nəslin demək olar ki, öz qəbiristanlığı var. Zaman-zaman torpaq sürüşmələri və sel sularının yuyulması nəticəsində qəbiristanlıqda 3 və 5 mərtəbəli qəbirlər üzə çıxıb. Buduqda maraqlı bir qəbir də var. “At qəbri” deyirlər ona. Rəvayətə görə, Buduq kəndinin üç sakini,  Dostağa, Məhəmməd və Talıb at ilə Məkkəyə ziyarətə gedirlər. Onlar 4 il yarım səfərdə olur və hər üçü sağ-salamat kəndə qayıdır. Atlardan isə yalnız biri – Hacı Dostağanın atı bütün çətinliklərə dözərək kəndə gəlib çatır. Həmin at bir müddət sonra ölür. Hacı Dostağa atını yudurdur, kəfənlədir və qəbiristanın bir tərəfində dəfn edir. Atın dəfnində bütün kənd əhli iştirak edir. Buduqda “Xilğirda qabır”, yəni “At qəbri” adı ilə tanınan həmin qəbrin yeri öz sahibi Hacı Dostağanın qəbrindən bir az aralıdadır. Yeri gəlmişkən, Buduqda olduğu kimi, Qrız kəndində də at qəbri var. Rəvayətə, görə, bu at yeddi dəfə Məkkəyə gedib qayıtdığı üçün öləndə kəfənlənərək kəndin içərisindəki “Sürümey” düzənliyində dəfn edilib.

Buduqla bağlı bir maraqlı rəvayət də danışırlar. Deyilənlərə görə, Şuduq vә Buduq adlı iki qardaş Can-Qardaş adı ilә tanınan әrazidә yaşayırmış. Günlərin bir günü, bu kәndin sakinlәri düşmәn һәmlәsinә məruz qalırlar vә qanlı döyüş baş verir. Kәndin bir qadını qardaşının ağır yaralanaraq can verdiyini görüb döyüş meydanına girir vә “Çan qardaş” deyib onu qucaqlayır. Onların һәr ikisi camaatın gözü qarşısında daşa dönürlər. Həmin yerin  “Can qardaş” adlanmasının sәbәbi dә elә bu һadisә imiş. “Can qardaş” әһali arasında müqәddәs һesab olunur. 

Kənddə çoxlu sirli, necə deyərlər tilsimli mağara var. Küləxana və Əmbərə dağında olan mağaralar, burada qədim sakinlərin mövcud olmasından xəbər verir. Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə Quba xanlarının,  Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. Buduqlular tarixən nəsillərə böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar 

Müxtəlif vaxtlarda sakinlərin çox hissəsi kəndi tərk edib. Hazırda Qubada Dağüstü, Qazmalar, Daliqaya, Qaraqız Buduq, Xaçmazda Ağyazı-Buduq, Dəvəçidə Yalavanc kəndləri buduqlulardan ibarətdir. 

Bir maraqlı fakt: Sən demə, vaxtıyla  Buduqda saxsı süd borularından kəmər çəkilibmiş.  Həmin borularla buduqlular yaylaqdan kəndə süd ötürürlərmiş. Kənddə qalan, yaylağa çıxmayanlar isə həmin borulardan axıb gələn süddən, yağ, pendir, qaymaq hazırlayarmış. Həmsöhbətimiz deyir ki, bəlkə də bu fakta dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.

 Buduq camaatının sitayiş etdiyi müqəddəs yerlər çoxdur. Məsələn, onlardan biri Pirbənövşə adlanır. Buduq ağsaqqalı Cəlaləddin Budutlunun dediklərindən: 

- Deyilənə görə Pirbənöşədən içində daşdan yonulmuş qadın heykəli-büstü olan mağaradan, Yeddilər dağındakı mağaraya yeraltı keçid, gizli yol var. Vaxtıyla bu yolun keçilməsinə cəhd edənlər olmuşdu. Onlar əllərində şam tutaraq mağaranın dar keçidini, adama sehrli qapı kimi görünən aralığından keçib irəliləmək istəmişlər. Amma o qapıdan üç addım o yana atmaq mümkün olmayıb. Şamlar sönmüş, qaranlıq və hava çatışmazlığı buna imkan verməmişdi. 

Cəlaləddin müəllim bir maraqlı tarixi faktı da açıqlayır. Deyir ki, Şeyx Şamilin bacısı Süccarə Buduq kəndinin gəlini olub. 

-1852, ola bilsin 1856-cı ildə, o, Buduq kəndinə mülkədar Cami bəyə Urusmartandan gəlin köçüb. Bu fakt Azərbaycan tarixşünaslığında gizli qalıb, Maraqlı burasıdır ki, 1837-ci il Quba üsyanı Buduq kəndinin kəndxudası Hacı Məmmədin başçılığı ilə baş verib. 

Buduqda evlər tarixən 2 otaqdan ibarət olub.

Alt mərtəbədə adətən heyvan saxlanması üçün istifadə edilib. Otaqlardan biri qonaq otağı imiş. Buduq evləri xarici baxımdan gözə gəlimli olmayıb. Buduqlular, var-dövləti gözəl tikililərdə deyil, xalça, gəbə, palaz, yəhər, xurcun, corab, şal və s toxumaqda görürdülər.

Danışırlar ki, buduqlular maraqlı toy ənənələri olub. Məsələn, qızın ata ocağından deyil, dayı evindən gəlin köçməsi, oğlanın ata evində deyil, dayı evində bəy paltarını geyməsi, bundan sonra ata evinə gətirilməsi adətləri dediyimizə sübutdur. Deməli, burada ana tərəfin üstünlük təşkil etməsi, yəni qızın və oğlanın taleyində dayının başlıca rol oynaması faktı aydın görünür. Bunu başqa bir adətin icrasında da hiss edirik. Bəyin dayısı toyun gəlin gətirmə günündə xüsusi zövqlə yəhərlənmiş, bəzədilmiş atını minib, gəlinin olduğu dayı evinə gəlir. Gəlini həmin ata mindirib, cilovunu gəlinin dayısına verər və ata evinə gətirərdilər. Amma gəlin atdan düşürülməz, ata evindən cehizi çıxarılanadək həyətdə saxlanılardı. Bundan sonra gəlin ona verilmiş cehiz ilə sazəndələrin, habelə el-obanın müşayiəti ilə bəy evinə gətirilərdi. İndinin özündə də əgər gəlin, kəndəndirsə, yenə ər evinə atla gətirilir. Kənardan gələcəksə, təbii ki maşınla. O da min bir zülmlə. Əgər toy ümumiyyətlə payızda, ya qışdadırsa...

***

Buduqdan arana qayıdırıq. Qubaya, təsəvvür edin, Qubaya aran deyirlər onlar. 
- Bəlkə qalasan, Haputa, Cekə, Qrıza gedək.
Emin dillənir.
- Gələn ay gedərik.
- Gələn ay?
Eminin sualına hər ikimiz gülürük.
- Onda qalsın gələn yaya.
- İnşaallah!

# 8802
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar