Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən Şahin Vəliyevin cənazəsi Gəncə şəhərində yaşadığı Cavad Xan qəsəbəsinə gətirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Şahin Vəliyev yaşadığı evdə vida mərasimi keçirilib. 21 yaşlı tələbə günorta saatlarında Gəncədə dəfn edilib.
Qeyd edək ki, 21 yaşlı Şahin Vəliyev İnönü Universitetində İdman menecerliyi ixtisasında oxuyub. Malatya şəhəri Zəfər məhəlləsində yaşayıb. Onun dağıntılar altından çıxarılan meyitini dayısı təsdiq edib. 21 yaşlı tələbənin cənazəsi bu gecə vətənə gətiriilib.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.