Təkcə torpaqlarımız yox, ruhlarımız da əsirlikdən qurtulub - XOCALIDAN REPORTAJ
23 fevral 2024 10:18 (UTC +04:00)

Təkcə torpaqlarımız yox, ruhlarımız da əsirlikdən qurtulub - XOCALIDAN REPORTAJ

Eşidəndə ki Xocalıya gedirik....

Xocalı azad edilmiş ərazilərimiz içində yeganə yerdir ki, ora səfər edəcəyimizi öyrənəndə sevinə bilmədim. İçimi qorxaq bir hiss bürüdü: Oradan nə yazacağam? Bir halda ki, Xocalı haqqında yazılası bütün sözlər yazılıb, deyiləsi bütün kəlmələr deyilib...

Daha artığını yazmaq, demək olmur. Sözlər barmaqların ucunda ilişib qalır, kəlmələr boğazda düyünlənir - Xocalı qurbanlarının faciəsi qarşısında əllərini qaldırıb təslim olur...

32 il sonra ilk dəfə Xocalıya ayaq basacaq, faciənin törədildiyi yerlərə baş çəkəcək, narahat ruhların dolaşdığı məkanları ziyarət edəcəyik.

***

32 il sonra ilk dəfə Xocalı soyqırımını Xocalıda yad edəcəyik.

Bu 32 il boyu ən adi tədbirlərdən tutmuş ən ali tribunalara qədər dünyanın hər yerində Xocalıya ədalət istədik. Xocalı qurbanlarının 1992-ci il fevral ayının 26-da yüksələn fəryadının duyulması üçün çalışdıq. Bu fəryadları pıçıltı kimi dinləyənlər də oldu, laqeydcəsinə qulaqlarını qapayanlar da. Bu 32 il ərzində səsimizi eşidənlər də oldu, çağırışımıza kar qalanlar da. Neyləyək ki, dünya Xocalıya qarşı ədaləti bərpa etmədi. Dünya Xocalı faciəsinin qarşısında susdu. Beynəlxalq ictimaiyyət onu soyqırımı kimi tanımaqdan çəkindi.

Bir tərəfdən də, düşünürəm ki, dünya Xocalını soyqırımı kimi tanısaydı, ağrılarımız dinəcəkdimi? Toxtaqlıq tapacaqdıqmı? Sanmıram!

Xocalıya ən böyük ədalət azərbaycanlıların yenidən öz əzəli torpaqlarına qayıtmağı idi ki, onu dünya yox, özümüz etdik. Müzəffər Azərbaycan Ordusunun gücü hesabına 31 illik ədalətsizliyə son qoyuldu. Məhz Azərbaycan Ordusunun əzmi, rəşadəti sayəsində Xocalı faciəsinin yaşandığı torpaqlara, yüzlərlə dinc sakinimizin, körpələrimizin, qadınlarımızın, qocalarımızın, kişilərimizin qətlə yetirildiyi, işgəncələrə məruz qoyulduğu yerlərə gedəcəyik.

Nə qədər ağır olsa da!..

Dözülməz sayılsa da!..

İçimizdəki ağrı toz-dumanının üzərinə bir təskinlik suyu çiləyərək!..

Cinayətin baş verdiyi yerə gətirilən qurban hansı hisslər keçirirsə, eyni hisslərlə Xocalı torpaqlarına qədəm qoyuruq. Burada hər addım, hər “Xocalı” səslənişi beynimizin mübhəm guşəsində illərlə özünə məskən salmış silinməz faciə kadrlarını canlandırır. Burada istər-istəməz hüzr yerindəki kədərli gərginliyə bürünürsən, üstündən 32 keçməsinə baxmayaraq...

***

Xocalı rayonunda hələ minalardan təmizlənməmiş ərazilər çoxdur. Buna görə də bizi ANAMA əməkdaşları müşayiət edir. Onlar, ilk növbədə, bizi Xocalı şəhəri ilə Əsgəran qəsəbəsi arasındakı yolun kənarına gətirirlər. Burada dağın ətəyindəki torpaq, təxminən, 20 metr uzunluğunda qazılaraq təmizlənib, yerinə asfalt döşənib.

Öyrənirik ki, erməni silahlı dəstələrinin şəhərə üçtərəfli hücumundan sonra canlarını qurtara bilən Xocalı sakinləri, ilk növbədə, bu səmtdən xilas olmağa çalışıblar, bu istiqamətdən dağı enərək Qarqarçayın sahilinə düşüblər. Xocalı faciəsindən xəbərsiz biri üçün bu kəhrəba rəngli dağ heç nə ifadə etməyə bilər. Bizim üçün isə dil açıb danışır, o məşum gecənin canlı şahidinə çevrilir.

Onu da öyrənirik ki, burada Xocalı sakinlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidənin qoyulması planlaşdırılır. Yuxarıda dediyim meydança da bunun üçün hazırlanıb.

“Buradan da keçib Qarqarçaya gediblər”, - ANAMA əməkdaşlarından biri deyir.

Növbəti baş çəkəcəyimiz yer də elə Qarqarçay olur. Qarqarçayı dəfələrlə görsəm də, bir neçə dəfə üstündən keçsəm də, bu dəfə lap yaxından baxmaq istəyirəm ona. Bu dəfə Qarqarçay mənim üçün şıltaq, füsunkar gözəlliyindən doyulmayan dağ çayı deyil, adi sudur, düşmən dəyirmanının suyu. Körpünün üstündə dayanıb həmən o məşum gecə bu üzdən o üzə adlayan insanları düşünəndə Qarqarçaya sitəm etmək keçir könlümdən:

Suların quruyaydı, Qarqar!

Axdığın yerə od düşəydi, Qarqar!

Yeri gələndə çayın nə günahı?! Amma adamın əli hər yerdən üzüləndə təbiəti də qarğıyır. Həmən gecə elə bil Qarqarçay da Xocalı sakinlərinə qənim kəsilmişdi. Min illərdir, dostcasına bu yerlərdən axan çay birdən-birə qəvi düşmənə dönüb onların yolunu kəsmişdi. Ən pisi, buzlu sulardan keçib dağlara pənah aparan Xocalı sakinləri qabaqda onları daha böyük pusqunun gözlədiyini təsəvvür etmirdilər.

***

Çayı keçəndən sonra dağların qoynu, irəlidəki şumluq yer, Qaraqayanın altı qətliam meydanına dönəcəkdi. Ermənilər Xocalı sakinlərinə sözdə “təhlükəsiz dəhliz” vəd etsələr də, çayı keçənləri düşmənin sözünə xilaf çıxması barədə birinci qurğuşun güllələr müjdələyəcəkdi. Həmişə yazağzı bağrı qan lalələr gətirən dağların yamacı bu dəfə qışın ortasında bağrı qanlı insanlar gətirəcəkdi. Xocalı dağları insan qanı ilə lalələnəcəkdi. O, “laləlik” sonra Kətik dağında haçalanacaqdı. Bir hissəsi Naxçıvanlı kəndinə qədər uzanacaq, digər Qaraqayaya qədər gedib çıxacaqdı.

Xocalı qurbanlarının izi ilə daha bir əraziyə gəlib çıxmışıq. Yolun sağı alçaq dağlıq, təpəlik, solu əkin sahəsi, şumluq. Qarqarçayı keçən sakinlər çayın sağ sahili ilə hərəkət edərkən bu təpələrdən də onları gizləməsi üçün imdad diləmişdilər. Nə fayda, bir hissəsi həmən təpələrdə qırılmış, digər qismi isə qarşıdakı düzdə güllələnmişdi. Bomboş şumluq əraziyə baxıram. Gözlərimin qarşısında 10 yaşımdan üzübəri dəfələrlə gördüyüm səhnələr canlanır. Görəsən, o körpə qızcığaz bu düzün harasında qətlə yetirilmişdi? Ayaqyalın qadın hansı tərəfdə yerə sərilmişdi? Üzü əbədi donmuş buxara papaqlı nurani kişi təpənin ətəyində güllələnmişdi, yoxsa dayandığım yerdə?..

İnanışa görə, qiyamət günü əzalarımız kimi ağaclar da, daşlar da, torpaq da dil açıb danışacaq, insanın günahlarını dilə gətirəcək. Görəsən, elə bir gün gəlib çıxsa, bu daşların, bu torpağın, bu otların şahidliyinə hansı ilahi qüvvə tap gətirər? O uşaqların fəryadından, o qadınların ah-naləsindən hansı Tanrı ərşdə qərar tutar?

 

***

Uzaqdan Qaraqaya görünür. Hələ üç il əvvəl Ağdamda dayanıb Qarabağ döyüşçüləri ilə birlikdə dik buruna bənzəyən o daş parçasına baxanda ürəyimizdə Xocalı ağrısı ilə yanaşı, doğma torpaqlardan sarı bir intizar da qövr edirdi. Bu gün isə Xocalıdan Qaraqayaya baxıram. Yenə ürəyimdə ağrı var, amma, çox şükür, torpaq intizarı yoxdur.

O gecə xilas olanların bir qismi məhz Qaraqayanın altından, Qarqarçayın sahili ilə keçib Ağdama çatmaq istəyirdilər. Lakin ermənilər qayanın altında da pusqu qurub onları atəşə tutmuşdular. Canlarını qurtarmağa çalışanların bir hissəsi də Qaraqaya yaxınlığında qətl edilmişdi.

Təəssüf ki, Qaraqayanın ətrafı minalardan təmizlənmədiyi üçün yaxına getmirik. Bu dəfəlik dayandığımız yerdən Qaraqayaya baxmaqla kifayətlənirik.

Qarqarçayın sağ sahili, bu dağlar, dərələr, təpələr, düzlər, talalar hamısı Xocalı soyqırımının izlərini daşıyır. Burada hər daşın, hər kolun yaddaşı o gecənin fəryadı ilə doludur. Çünki həmən gecə Qarqarçayı keçəndən sonra xilas olmağa çalışan Xocalı sakinləri dalğa təki bu dağlara, dərələrə yayılmışdı. Əgər bir hissə Qaraqaya tərəfdən keçib qurtulmağa çalışırdısa da, digər qisim Naxçıvanlı tərəfdən Şelli dağını aşıb Ağdama getmək istəyirdi. Erməni silahlı dəstələri isə hər tərəfdən onlara hücum çəkir, yetdiklərini əsir götürürdülər. Həmən vaxt düşmən Xocalının 1275 sakinini əsir götürmüş, əsir götürülənlərin bir hissəsi Naxçıvanlı kəndinə gətirilmişdi.

***

Naxçıvanlıdayıq. Avtomobilimizi yolun kənarında hündür bir yerdə saxlamışıq. Aşağı dərədir.

“Ermənilər əsirləri bu fermaya doldurmuşdular”, - bunu ANAMA əməkdaşı Bərşad deyir.

İndi fikir verirəm ki, bayaqdan çəkiliş heyətimizdəki hər kəs gərgindir. Hamımız üçün çətindir. Minlərlə soydaşımızın işgəncələrə məruz qaldığı, yüzlərlə insanımızın qətlə yetirildiyi ərazilərdə gəzmək, düz 32 il əvvəl kadrlarda gördüyümüz yerləri indi canlı-canlı dolaşmaq əhvalımızı param-parça edir. Görünür, hamı mənim kimi həmən vaxtı baş verənləri gözlərinin qarşısında canlandırmağa çalışır. Yəqin Osvensim-Birkenau Memorial və Muzeyini ziyarət edən turistlər də oxşar sarsıntılar yaşayırlar.

Xocalıda hər yer, xüsusən Qarqarçayın sağ sahili yüzlərlə soydaşımızın faciəsini özündə daşıyan açıq səma altında muzeydir. Zənnimcə, Xocalıda da Osvensimdə olduğu kimi muzey yaradılacaq. Təkcə ona görə yox ki, soydaşlarımıza qarşı törədilən soyqırımını unutmamalı, gələcək nəsillərə ötürməliyik, həm də ona görə ki, bəşəriyyət bu qara səhifədən ibrət götürsün, bir daha dünyanın heç bir yerində insanlar milli-etnik mənsubiyyətinə görə qətliam edilməsinlər.

***

32 il boyu bu yerlərə o vaxtın televiziya kadrlarında baxırdıq, bu məntəqələrin adlarını xəritədə axtarırdıq. İndi bizə nə qədər çətin olsa da, bu torpaqlara təzədən özümüz ayaq basırıq. Təkcə torpaqlar yox, ruhlarımız da girovluqdan qurtuldu. Az qalıram buralarda dolaşan narahat ruhlarla danışam. Deyəm ki, rahat olun, düşmən artıq bu yerlərdən sovuşub. Bundan sonra doğma xatirəniz hər il bu ana torpaqlarda yad ediləcək.

İnsan əzabları ilə dolub-daşan bu ərazilərdə rahat dolaşmaq mümkünsüzdür. Bir tərəfdən də, havada şaxta güclənib, sanki soyuq da bizə o gecə insanların keçirdiyi hisslərin bənzərini yaşatmaq istəyir. Bədənim titrədikcə o gecə üşüyən, soyuqdan donan yüzlərlə insanı xatırlayıram.

Dərəyə düşüb alaqaranlıq fermaya giririk. Neçə yerindən uçmuş dam... Olsun ki, 31 il öncə belə dağılmamışdı. Amma döşəmə, güman ki, həmənki torpaq döşəmədir, soyuq daş divarlar da eynisidir. Fermanın içi ilə gəzirəm. Gözlərimi yumub 32 il əvvələ qayıtmağa çalışıram. Görəsən, həmən gecə fermaya doldurulan yüzlərlə əsir hansı ağrı-acıları yaşamışdı? Çoxu ayaqyalın, başıaçıq, Qarqarçayın buzlu sularından keçmişdi, meşənin içi ilə, dağlardan, təpələrdən, daş-kəsəkli, kollu-tikanlı yollarla gəlib Naxçıvanlıya çıxmışdı. Görəsən, heç olmasa, fermadaca dinclik tapa, az da olsa, isinə bilmişdilərmi? Yoxsa ermənilərin işgəncəsi azmış kimi bir yandan da soyuq, şaxta onlara qənim kəsilmişdi?

Gözlərimi açıram. O işgəncələri, yaşantıları ifadə etmək istəyirəm, amma dilimə heç bir söz gəlmir... Bütün sözlər o ağrı-acının yanında gücsüz qalır...

***

Bizdən asılı olmayan səbəbdən iş elə gətirir ki, Xocalı şəhərinə gəlişimiz səfərimizin əvvəlində deyil, sonunda baş tutur. Özlüyümdə mən buna Xocalıya ayaq qoymaqdan çəkinmək kimi baxıram: tanış ağrı ilə üzləşmək qorxusu. Özü də şəhərə gəlişimiz axşam saatlarına təsadüf edir. Hava zülmət qaranlıqdır. 1992-ci il fevralın 25-də bu saatlarda artıq erməni silahlı dəstələri şəhərə hücuma keçmişdilər. Şəhərdə güllə sədaları kəsilmirdi. Xocalının müdafiə qüvvələri şəhəri qorumağa çalışırdılar. Sakinlər səksəkə içində qaçıb xilas olmaq istəyirdilər. Həmən gecədən fərqli olaraq sakitlikdir. Arabir yanımızdan keçib gedən avtomobillərin səsi sükutu qayçılayır. Şəhərdə çoxlu fərdi ev tikilir, qızğın təmir-bərpa işləri aparılır. Bəzilərindən zəif işıq süzülərək qaranlığın içində ümid kimi boylanır. Qarşısında dayandığımız iki korpuslu məktəb binası da təmir olunan tikinti obyektləri sırasındadır. Tezliklə şəhərdəki tikililər yaşayış üçün tam hazır olacaq və Xocalı sakinləri yenidən doğma şəhərlərinə qayıdacaqlar. Bu bina da təzədən Xocalı məktəblilərinin şirin-şaqraq gülüşləri, şıltaq sədaları ilə dolub-daşacaq.

TV üçün stəndap hazırlamalıyam. Stəndapın sözlərini heç cürə tapıb deyə bilmirəm.

Birinci cəhd: Düz 32 il əvvəl...

İkinci cəhd: Axşam saatları, 32 il əvvəl...

Üçüncü cəhd: Qəlbimi bürüyən hisslərə nə ad verim, bilmirəm...

Dördüncü cəhd: ...

Cəhdlər bir-birini əvəz etsə də, stəndap alınmır.

32 il sonra doğma torpaqlara qayıtmaq!

Nədir bu hissin adı? Sevinməkmi, təskinlikmi? İtkin düşən doğmanın meyitinin tapılması ilə toxtamaq da demək ola bu hissin adına.

***

Xocalının ortasında dayanmışam. 32 il əvvəl faciə yaşananda Bakıda böyüyən 10 yaşlı qayğısız uşaq idim. Uşaqlığı doxsanıncı illərdə keçən minlərlə azərbaycanlı kimi soyqırımından sonra o dəhşətli kadrlara televizorda baxmışdım. Uşaq zəkamla faciə baş verdiyini anlasam da, işgəncələrə məruz qalmış cəsədlərdən başqa heç nə görməmişdim. Sonrakı vaxtlarda Xocalının ildönümləri, hər il təkrarlanan eyni sözlər, eyni fikirlər... Zənn edirdim, Xocalı faciəsi həyatda seyrçisi olduğum bütün dəhşətlər kimi yaddaşımın tozlu dolaylarında itib-batıb. Pis çıxmasın, mənə nə təsiri olacaq? Xocalıda ölən doğmam yox, itkin düşən əzizim, yaralanan yaxınım yox... İndi-indi başa düşürəm ki, sandığım kimi deyilmiş. Məgər ki, soyqırımının baş verdiyi yerdən yüzlərlə kilometr uzaqda yaşasaq da, üzdə iraq görünsə də, dərində Xocalı içi mən qarışıq uşaqlığı doxsanıncı illərə təsadüf edən on minlərlə azərbaycanlının ömrünün ən böyük travması olub. İçimizdə bədxassəli şiş kimi səssiz-səmirsiz böyüyüb. Nə fərqi var: həmən gecə Qarqarçayın buzlu sularında donanların içində oldun, yaxud Bakıda, Şəkidə, Gəncədə isti yatağında uyuyanların sırasında. Xocalı faciəsi şüuru ağ vərəq kimi təmiz uşaqların yaddaşında elə bir dərin iz salıb ki, yaratdığı travmanın fəsadını heç nə ilə silmək olmazdı. Üstündən min il də keçsəydi. Ta ki bu gün Azərbaycan Ordusunun Zəfər yürüşü ilə gəlib Xocalının mərkəzində dayanmayana qədər. 32 il içimdə daşıdığım ağrı ilə üzləşməyənə kimi. Və burada 32 il canımda daşıdığım ağrının mərkəzində dayanıb onu özündən çıxarıb atmaq.

Nəhayət, ondan xilas olmaq.

Xocalısı qayıdan minlərlə sakinlə birgə.

Xocalıya qayıdacaq minlərlə sakinlə bərabər.

Cümləmiz.

Bütün və bütöv Azərbaycan xalqı olaraq.

Və təzədən, suveren, bütöv dövlət kimi yeni bir səhifə açaraq.

Başlığı da bəlli: Zəfər səhifəsi!

FOTO: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5418
avatar

Mirmehdi Ağaoğlu

Oxşar yazılar