Susuz Sulutəpə, itlər və tülkülər vadisi, oduna möhtac qalanlar - REPORTAJ
13 mart 2023 18:00 (UTC +04:00)

Susuz Sulutəpə, itlər və tülkülər vadisi, oduna möhtac qalanlar - REPORTAJ

“Bura sanki Allahın unutduğu bir yerdir. 10 ildir evin ortasında odun yandırırıq, suyu maşınla gətirdirik. Hər il söz verirlər ki, qaz olacaq, su çəkiləcək. Amma heç bir iş görmürlər”. 

Sulutəpə qəsəbə sakini Sevinc Zeynalova deyir bunları.

Bura sahibsiz itlərin, tülkülərin, çaqqalların oylağı olan bir yerdir.

İnsanı heyrətə gətirən də elə budur. Çünki bura Bakıdır…

Təsəvvür edin 21-ci əsrdə Bakı kimi böyük bir şəhərdə 10 ildir ki, 30-dan çox ailə qazsız və susuz yaşayır. 

Yüksək təpələrin üzərində yerləşən bu evlərdə sakinlərin gün-güzəranı qaradır.

Ətrafdakı evlərin əksəriyyəti uçuq-sökük vəziyyətdədir. Nimdaşdır. Ətrafda insanı qorxudan qəribə sakitlik var. 

Hər tərəfindən təhlükə yağan bu evlərdə insanlar yaşayır. 

Qəsəbə sakini Sevinc Zeynalova Lent.az-a deyir ki, illərdir susuzluqdan əziyyət çəkirik:

“10 ildir ki, qaz, su yoxdur. Bizə deyirlər ki, hər ailə 1000 manatdan pul yığıb versin  Aidiyyəti qurumlara hər gün zəng edirik. Amma bizim şikayətimizə heç kim baxmır. “Azərsu”ya müraciət etmişik. Deyirlər ki, gəlib su çəkəcəyik, amma heçnə etmirlər. Hər həftə 40-50 manat pul verib su alırıq. Burda çox əziyyət çəkirik. Belə yaşayış olmur”.

Sevinc xanımla söhbətimizi evində davam etdirdik.

Evə daxil olarkən insanı rütubət qoxusu vurur.diqqətlə göz gəzdirdikdə divarın nəmi gözə çarpır. Ev o qədər soyuqdur ki, ayağımızı yerə tam basa bilmirdik. Addım atarkən belə barmaqlarımızın ucunda hərəkət edirdik. 

Sanki içəridəki temperatur çöldəki temperaturdan daha aşağıdır. Burada yaşamaq sağlamlıq baxımından çox təhlükəlidir. Çöldə əsən küləyi evin içində hiss etməmək qeyri-mümkündür. 

Ətrafdakı odun, ağac və kol parçaları diqqətimizi çəkir. Evi gəzdikcə nöyüt qoxusu daha da kəskinləşir. Burada nöyüt qoxusundan 5 dəqiqə belə dayanmaq mümkünsüz.

Sevinc xanımın sözlərinə görə, bu soyuq havada isinmək üçün evin ortasında odun sobası yandırır, yeməyi isə həyətdə ocaq qalayıb orda bişirirlər:

“Hər səhər çöldən odun yığırıq. Baltayla odun doğramaqdan taqətim qalmayıb”. 

Bu üç otaqlı şəraitsiz evin sadəcə bir otağından istifadə edirlər. 4 nəfərin yatdığı, yediyi, isindiyi, çimdiyi otaq da elə bu sobası yanan balaca otaqdır. 

Evin dam örtüyü isə yararsız və təhlükəli vəziyyətdədir. Yağış sularının yaratdığı nəmişlik uşaqların tez xəstələnməsinə səbəb olur. 

Qəsəbə sakini Təranə Musayeva qar, yağış yağanda yemək bişirmək, qab yumaq daha da çətinləşdiyini deyir: 

“Hər ay suya 40-50 manat xərcimiz çıxır. Yay aylarında isə minumum ayda iki maşına yaxın su istifadə olunur. Bir müddət öncə su idarəsinin işçiləri su xətləri çəkmək üçün camaatdan pul yığdılar. İmkanı olan verdi, olmayan isə susuz qaldı. Sanki Allahın unutduğu bir yerdir. Burda kiməsə nəsə olsa, heç kimin xəbəri olmaz”.

140-a yaxın sakini olan bu ərazidə insanların nə tualeti var, nə də hamamı. Burada ümumiyyətlə kanalizasiya sistemi yoxdur. 

Qəsəbə sakini Zeynəb İsgəndərova bildirir ki, məktəbə uzaq yol gedən azyaşlılar yollarda susuz qalır:
 
“Məktəb uzaqda olduğu üçün uşaqlarımız xeyli yol qət edirlər. Hər il söz verirlər ki, su, qaz xətləri çəkiləcək. Amma indiyə qədər heç bir xəbər yoxdur. Axı, biz nə vaxta qədər ocaq qalayıb yemək bişirəcəyik? Evdə 4 nəfərik. Bir otaqda yaşayırıq. Uşaqlar böyüyürlər. Hər kəs kimi onlar da geniş, şəraitli evlərdə yaşamaq istəyirlər. Gəlib vəziyyətimizə baxırlar. Düzələcək deyirlər. Lakin düz 10 ildir ki, ortalıqda düzələn heçnə yoxdur”.

Buranın gecəsi isə gündüzündən daha təhlükəlidir.

Bu evlər dağların ətəyində yerləşdiyi üçün gecələr həyətdə tülkülər, çaqqallar gəzir, itlər uluyur.

Sakinlər bildirirlər ki, hətta günorta vaxtı belə çölə çıxmağa qorxurlar.

Bura Bakının Sulutəpə qəsəbəsi yox, sahibsiz itlərin, tülkülərin, çaqqalların oylağı olan bir Sulutəpədir.

Necə təəssüflənməyən axı?

Bakı kimi böyük bir şəhərdə 10 il qazsız və susuz yaşayasan…

Bax belə…

Dağlar arasında yerləşən, Allahın unutduğu bir Sulutəpə…

Buradakı insanların tək ümidi artıq Allaha qalıb.

FOTO: İlkin Nəbiyev

# 7971
avatar

Arzu Qurbanlı

Oxşar yazılar