Kəndin adı çəkiləndə onsuz da başqa nəsə təsəvvür etmək çətindir. Burada ən çox gözə dəyən də elə daşlıq, qayalıqdır. Şuşanın altıdır. Materiala xəbər cümləsi ilə də başlaya bilərdim. Məsələn, uğursuz Daşaltı əməliyyatından 30 il keçir və sair. Amma bu gün bura qalib kimi gəlmişik.
Daşaltıya səfərimiz Müdafiə Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Kəndin girişində Daşaltı şəhidlərinə simvolik bir abidə qoyulub. Sayqı duruşundan sonra Müdafiə Nazirliyinin sözçüləri təkcə 30 il əvvəl şəhid olanlarımızı yox, 44 günlük vətən müharibəsində bu torpaqlarda şəhid olan oğullarımızı da xatırlatdılar.
Biz unutmuruq, unutdurmuruq. Bu vətən uğrunda canından keçən hər kəsi yad edirik. Təntənəli marşdan sonra kəndə doğru irəlilədik.
Məşhur daşaltı kəndindəyik. İndiyə qədər buranın adı internet resurslarında axtarışa veriləndə məğlubiyyətlə xatırlanırdı. Amma 2020-ci ilin noyabrın 4-də Azərbaycan Ordusu buranı işğaldan azad etdi və 28 il ruhu burada nigaran dolaşan şəhidlərimizin qisası alındı.
Biz 44 günlük Vətən müharibəsində Daşaltını düşməndən pusquyla, hiyləylə yox birbaşa həmləylə azad etmişik. Bura hücum edən hərbçilərimizdən biri də taborunu Daşaltıya endirəndə ağır yaralanan mayor Həmid Əliyevdir.
Ayın 2-si gördüyünüz o 1553 yüksəkliyinin sol tərəfində yerləşdik. Oradan ərazini kəşfiyyat etdikdən sonra noyabrın 3-də yüksəkliyi tam əldə etdikdən sonra ayın 4-də Daşaltıya girdik. Bu ərazi çətin olduğuna baxmayaraq bizim üçün heç nə maneə törətmirdi. Əksinə bizdə stimul yaratmışdı ki, biz buranı almalıyıq. Biz bura kiminsə torpağını almağa gəlməmişdik, öz torpağımızdır. Bizim şəhid və qazi qardaşlarımızın qanı bahasına gəlib bura çıxmışıq. Taborumda 57 şəhidim olub, Allah onlara qəni-qəni rəhmət eləsin.
- Müsahibə vaxtı onu da öyrəndik ki, hərbçimiz hazırda da taboruyla burada xidmət edir.
1992-ci ildə vahid komandanlığın olmaması ağır itkilərə səbəb olmuşdu. Şuşanın altında yerləşən kəndi elə yuxarıdan vurmaqla da azad etmək olardı. 2020-ci ilin noyabrın 4-də Azərbaycan ordusu buranı elə yüksəklikdən hücum etməklə azad etdi. Vəziyyət dəyişmişdi. Daha çətin tapşırıq vardı. Yenidən yüksəkliyə - Şuşaya qalxmaq lazım idi.
Biz isə Qubadlı ərazisindəydik. Orada bizə tapşırıq gəldi ki, Şuşa istiqamətində bizim Xüsusi Təyinatlı Qüvvələrimiz irəliləyib. Biz də getməliyik ki, XTQ ilə birlikdə Şuşaya qalxaq. Gecə saat 3 olardı. Gətirib bizi Topxana meşəsində yerləşdirdilər. Qarşımızda gördüyümüz yüksəklikdir. Çıxdıq həmin yüksəkliyə, ərazini müşahidə etdik. Komanda gəldi ki, Daşaltı işğaldan azad olunmalıdır. Bizim XT-lər ermənilərin xəbəri olmadan Şuşada döyüşürlər. Yəni biz Şuşaya çıxmalıyıq. Və bir gün ərzində biz o yüksəklikdən Daşaltıya sızdıq.
- Burada bir haşiyə çıxım. Müsahibim Seymur demir ki, düşdük. Kəndin relyefinə nəzər saldıqda - bu qayalıqlara, meşəliklərə baxanda görürsən ki, bura elə sızmaq olar, düşmək yox.
Bir neçə istiqamətdən sızdıq və gecə saat 5 olardı, hələ də atışma gedirdi. Səhər 7-də bizə məlumat gəldi ki, Şuşaya qalxmalıyıq. Səhər 7-də biz Daşaltını düşməndən tamamilə azad etdik.
- Buranı ev-ev, küçə-küçə gəzdikcə burada hansı döyüşlərin getdiyini təsəvvür etmək çətin deyil. Gizlənməyə, pusquya salmağa o qədər yer var ki. Hər anı təhlükə olub. Di gəl, ordumuz buranı erməni silahlılarından 2 günə təmizləyib.
Daşaltını azad edən hərbçilərimizdən biri də Fəriddir. Söhbət əsnasında məlum oldu ki, o da hazırda elə bu ərazidə xidmətini davam etdirir.
Qar yox idi. Amma hava duman idi. Xatırlamaq deyəndə, çətin günlər idi amma şərəfli günlər idi. Qismət oldu o günləri yaşadıq. Var olsun Azərbaycan ordusu! Var olsun Azərbaycan xalqı!
- Daşaltıyla sağollaşıb, Şuşaya doğru qalxırıq ki, ora da bir salam verək. Nəzərimdən bir şey qaçmadı. Azərbaycan oğullarının Şuşaya dırmaşdığı bu qayalıqlardan Daşaltıya sanki bir məyus erməni siması baxır.
Şuşanın şüşə kimi havasında bir qədər gəzəndən sonra üzü yaza bir də gəlmək ümidiylə xudahifzləşib gedirik. Hər dəfə zirvəyə doğru qalxanda məyus erməni simasını bu qayalıqlarda görəcəyik.