Sanatoriyalara göndəriş zamanı niyə imtina gəlir? – İttifaqdan CAVAB
19 avqust 2025 16:58 (UTC +04:00)

Sanatoriyalara göndəriş zamanı niyə imtina gəlir? – İttifaqdan CAVAB

Son günlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) göndərişi ilə kurort-sanatoriyalara və istirahət mərkəzlərinə yollayışla bağlı şikayətlər var. Vətəndaşlar bildirirlər ki, saytda endirim adı altında şişirdilmiş qiymətlər qoyulur, eləcə də müraciətdən xeyli müddət sonra onlara imtinalar gəlir. 

Şikayətlərdən birində qeyd olunur ki, “sistem “Qusar Park Hill Hotel” üçün ailəvi seçim vermədi, otaqlar 2 nəfərlik imiş. Qidalanma da gündə bir dəfə. 2 nəfərlik yollayış üçün müraciət edəndə sistemdə göstərdi ki, real qiymət 680 manatdır, amma bizə 85 faiz endirimlə 102 manat verir. Yoldaşım müharibə veteranı olduğuna görə endirim daha çoxdur. Amma Booking saytında eyni otel eyni tarix, 2 nəfərlik, 1 dəfəlik qidalanmanın qiyməti 680 yox, 310 manat görsənir”. 

Bəs görəsən deyilənlər nə qədər həqiqəti əks edirir? 

Şikayətlərə cavab almaq üçün AHİK-ə yolladığımız sorğudan Lent.az-a bildirildi ki, “e-ahik.az” platformasında endirim adı altında guya saxta qiymətlərin təqdim olunması ilə bağlı iddialar tamamilə əsassız və həqiqətə uyğun deyil:

“Yollayışla bağlı müraciətlərə səbəbsiz imtina halları texniki olaraq mümkün deyildir. İmtina verildiyi zaman operator mütləq şəkildə səbəbi göstərir. Azərbaycanda həmkarlar ittifaqı üzvlərinin sayı 1 milyondan çox, sosial sığorta ödəyicilərinin sayı isə 3 milyondan artıqdır. Bu isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus sanatoriyaların və əməkdaşlıq etdiyi istirahət mərkəzlərinin imkanları ilə uzlaşmır, maddi və texniki imkanlar səbəbindən bütün müraciətlərin təmin olunması mümkün deyil. 

Yollayış müraciətinə imtina verilməsinin digər səbəbləri vətəndaşın sistemə öz məlumatlarını düzgün daxil etməməsi, sənədlərin natamam yüklənməsi, müraciət zamanı tələb olunan bölmələrin tam doldurulmaması və ödənişin vaxtında (bildiriş şəxsi kabinetə daxil olduqdan 48 saat ərzində) həyata keçirilməməsidir. Bundan başqa, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə müqavilə əsasında əməkdaşlıq edən özəl istirahət mərkəzlərində həmkarlar ittifaqı üzvləri üçün ayrılmış yerlərin dolması, yəni otellərdə həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulmuş boş yerin olmaması  da imtinaya səbəb olan haldır.

Bütün turizm xidmətlərində mövsümlə bağlı qiymət fərqləri yarandığını nəzərə alaraq müqavilələrdə həm yüksək tələbat dövrü (yüksək mövsüm), həm də aşağı tələbat dövrü (aşağı mövsüm) üçün qiymətlər ayrıca hesablanır. Qusar “Park Hill Hotel”lə bağlı qeyd olunan məsələyə gəlincə, otel müqavilə şərtlərinə uyğun olaraq, 25 avqust 2025-ci ildən  qiymətləri aşağı mövsümə uyğun hesablayır.  “Kurort” Turizm İnformasiya Mərkəzi ilə bağlanmış müqaviləyə əsasən, həmin tarixdən etibarən 1 (bir) otağın qiyməti 130 manat (bir nəfər üçün 65 manat) təşkil edir. Qeyd olunan tarixədək isə otaq qiyməti 170 manat (bir nəfər üçün 85 manat) olaraq müəyyənləşdirilib.

Məlumat üçün bildiririk ki, müraciətlərin sayı mövcud yerlərin sayını üstələdiyi hallarda müraciətlərin qəbul və təsdiqi ilk müraciət edən və sənədlərini tam təqdim etmiş şəxslərə üstünlük verilməklə həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar