"Şagirdlərin cəzalandırılması  müəllimə qarşı   aqressiya yaradacaq" - EKSPERT
19 oktyabr 2022 13:00 (UTC +04:00)

"Şagirdlərin cəzalandırılması müəllimə qarşı aqressiya yaradacaq" - EKSPERT

"İlk növbədə qeyd edim ki, sinifdə nizam-intizam, davranış problemi şagirdlərin təlim nəticələrinə birbaşa təsir göstərən və məktəblərdə ən çox rast gəlinən problemlərdəndir. Nizam-intizam olmayan, davranış qaydalarına əməl edilməyən sinifdə yüksək təlim nəticələrindən danışmaq mümkünsüzdür. Nizam-intizam, sinifdə səssizliyin hökm sürməsi demək deyil, şagirdlərin diqqətinin dərsə cəlb olunması deməkdir".

Bunu Lent.az-a açıqlamasında dünən yayılan şagirdlərə tətbiq olunacaq inzibati qaydalardan danışan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, dərsi pozan, məktəbdə iş prosesinə mane olan şagirdlərin cəzalandırmaqdan çəkinməyi dünya təcrübəsi tələb edir:

"Mövcud  dəyişiklik, yəni şagirdlərin cəzalandırılması onlarda məktəbə, müəllimə qarşı aqressiiya yaradacaq, onları məktəbə, müəllimə qarşı birləşməyə sövq edəcək, nəticədə şagirdlər məktəblə, müəllimlə birlikdə deyil, “əks cəbhə”də olacaqlar, məktəb və müəllim də daim bu cəbhədə döyüşməli olacaq. Konflikt böyüdükcə, valideynlər də bu məsələyə qoşulacaq və nəhayət məktəb, müəllim haqlı olsa belə, çoxluq qalib gələcək".

Onun sözlərinə görə, şagird dərsə qulaq asmaya, nizam-intizam qaydalarına əməl etməyə bilər:

"Amma bu hərəkətləri onun timsalında “xuliqan” obrazı yaratmaq üçün əsas vermir. Səbrlə, təmkinlə, qayğı göstərərək onu ələ almaq, düzgün tərbiyələndirmək lazımdır. Hər bir şagird uğur qazana bilər, müəllimin vəzifəsi ona uğur qazanmağın yolunu göstərməkdir. Bütün insanlar kimi uşaqlar da zəhmət tələb edən, xüsusilə, öhdəsindən gəlmək çətin olan işi görməyə can atmırlar.

Şagirdə “sən bunu bacaracaqsan” fikrini təlqin etmək, onu dərsə cəlb etməyin ən yaxşı yoludur. Şagirdin səhvinə görə heç bir zaman onu lağa qoymayın, danlamayın, əksinə, onda tərifləyə biləcəyiniz xüsusiyyətlər axtarın. Əlbəttə, bu o qədər də asan deyil, lakin bunu bacarmaq lazımdır. Müəllimlik peşəsinin çətinliklərindən biri də budur". 

Onun sözlərinə görə, müəllimlik, 45 dəqiqədə, sadəcə dərsi izah edib, soruşub, qiymətləndirməkdən ibarət deyil:

"Şagirdlərin xüsusiyyətlərini öyrənməyə çalışın, dərsin planını qurarkən onları nəzərə alın. Əgər şagirdlərin daxili aləminə bələd olsanız, onları tez ələ alar, dərsə maraqlandıra bilərsiniz".

Kamran Əsədov Elm və Təhsil Nazrliyinin  şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq olunacaq inzibati qaydaların mənasız olduğunu deyib:

"Düşünürəm ki, müvafiq qurum yenədə ən mənasız və qısa yolu seçərək son dövrlər ortaya çıxan problemləri həll etmək istəyir. Bilirsiniz, təhsil dərk edilən həqiqətdir, amma, deyəsən, bəziləri bunu dərk etmir. Bu yolla şagirdi təhsilə cəlb etmək olmaz, bu cəza yolu ilə məktəblərdə nizam-intizam qurmaq olmaz. Bu cəza növü artıq təhdid vasitəsinə çevrilə bilər. Sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim - şagird münasibətləri də o cür qurulmalıdır. Görünən odur ki, bəzi rəsmilərin məktəbşunaslıqdan anlayışı yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4182
avatar

Aytəkin Cəlali

Oxşar yazılar