Sabah güclü maqnit qasırğası  olacaq
27 avqust 2026 18:05 (UTC +04:00)

Sabah güclü maqnit qasırğası olacaq

0

Yer kürəsində yaxın saatlarda geomaqnit aktivliyin artacağı gözlənilir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozlaşdırma Mərkəzi 28 avqust üçün G2 səviyyəli, orta güclü geomaqnit qasırğası xəbərdarlığı yayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Günəşdə baş verən güclü alışmalar və onların ardınca kosmosa atılan tac kütlə tullantılarıdır.

Avqustun 25-də Günəşdə M6.9 sinifli güclü alışma qeydə alınıb. Hadisə Yer kürəsinin gündüz tərəfində, o cümlədən Avropa, Afrika və Arktikanın bəzi hissələrində qısamüddətli radioəlaqə pozuntularına səbəb olub.

Alışmanı müşayiət edən tac kütlə tullantılarının Yerə çatması və Günəş küləyinin planetin maqnit sahəsinə təsir göstərməsi nəticəsində 28 avqustda geomaqnit aktivliyin daha da yüksələcəyi proqnozlaşdırılır.

G2 səviyyəli maqnit qasırğası nə deməkdir?

NOAA-nın təsnifatına görə, G2 “orta güclü” geomaqnit qasırğası hesab olunur və Kp indeksinin 6 səviyyəsinə uyğun gəlir. Belə hadisələr zamanı yüksək enliklərdə radioəlaqədə müəyyən zəifləmələr, peyklərin fəaliyyətində kiçik dəyişikliklər və enerji sistemlərində gərginliklə bağlı xəbərdarlıqlar müşahidə oluna bilər.

Eyni zamanda, qütb parıltılarının adi vaxtdakından daha aşağı enliklərdə görünmə ehtimalı artır. NOAA-nın məlumatına görə, bu dəfə Şimali Amerika və Avropanın daha cənub ərazilərində də qütb parıltısının müşahidə olunması mümkündür.

Maqnit qasırğaları Günəşdən gələn yüklü hissəciklərin Yer kürəsinin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan geomaqnit pozuntulardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar