Qırıq pəncərələr, qapalı seyflər, skeletlərlə dolu həyət...
Bu, bir zamanlar ən çox tələbəsi olan Azərbaycan Beynəlxalq Universitetinin indiki durumunun təsviridir.
Binəqədi rayonu, keçmiş Kirov qəsəbə qəbiristanlığının yaxınlığı. Həmin universitetin qapısındayıq.
Bir vaxtlar gənclərin elm və təhsil arxasınca üz tutduqları həmin məkan əsl xarabalığı xatırladır. Bu elm ocağının tələbələrin üzünə bağlamasından nə az, nə çox, düz, 12 il ötür. İllər əvvəl tələbələrin gələcəyini qurmaq üçün yollandığı bu binanın həyətini indi baxımsızlıqdan kol-kos basıb, tullantı əlindən tərpənmək mümkün deyil.
Elə 12 ildən çox müddətdə qapısı bağlı qalan elm ocağının acınacaqlı durumunu işıqlandırmaq üçün Lent.az-ın əməkdaşı həmin əraziyə yollanıb.
Olduğumuz yer Azərbaycan Beynəlxalq Universitetin giriş hissəsidir. Çox böyük bir ərazini əhatə edən bu təhsil ocağının iki qapısı var. Amma bu girişlərə də dəmir zəncirə keçirilən “ömürlük” qıfıl vurulub.
Tərk edilmiş universitetə giriş üçün yollar axtaranda bir neçə uşağın səslərini eşitdik. Səs gələn tərəfə irəlilədikcə gördüyümüz mənzərə heç də ürəkaçan olmadı...
Təxminən 6-7-ci sinifdə oxuyan şagirdlər məktəbdə dərs oxumaqdan bezib, “universitetdə təhsil almağa” gəliblər. Onlardan “niyə bu saatda məktəbdə yox, burda olduqlarını” soruşduqda isə cavabları belə oldu:
- Eee, məktəbdə dərs oxuyan var. Eşitdik burda maraqlı otaqlar var, biz də gəldik gəzək. Onsuz da universitet üzü görəsi deyilik. Heç olmasa, xarabalığını görək - deyib, gülə-gülə pəncərədən atlayıb getdilər. Düzü, uşaqların təhsilə bu cür yanaşması bizi narahat etdi.
Amma elə uşaqların sayəsində də universitetə giriş yolunu tapdıq. Qapısı dəmir qıfıllarla bağlanmış universitetə ancaq pəncərədən girə bilərdik. Nəhayət, qırıq şüşələrlə dolu otağı keçdikdən sonra universitetin həyətinə çıxdıq.
Uzun yol, kanalizasiya suları, skeletlərlə dolu həyət...
Qarşıya doğru irəlilədikcə sağ və sol tərəfimizdə düzülmüş yaşıl ağaclar sanki xarabalığın içərisində özünü sübut etməyə çalışırdı. İndiki durumu xarabalıq olsa da, bir zamanlar yaşıllıqlarla dolu bir həyət idi bura.
Ətrafa diqqətlə nəzər yetirərək addımlayırıq. Elə bu an məndən irəlidə yeriyən fotoqraf İlkin Nəbiyev yüksək səslə:
- Fidan, dəhşətlidir. Bura gəl.
İlkinin yüksək səslə qışqırığını eşitməyimlə yanına qaçmağım saniyə aldı.
- Nədir, İlkin, nə olub, nə baş verib?
Bu sualı verib qarşılaşdığım mənzərə məni çox qorxutdu.
Universitet həyətində naməlum skeletlər...
Bu mənzərə bizi çoxlu suallarla üz-üzə qoydu.
- Nədir axı bu?
- Universitet həyətində niyə bu qədər skelet var?
- Bu skeletlər insana, yoxsa heyvana məxsusdur?
- Ərazisi geniş olan bir universitet bu qədərmi nəzarətsiz qala bilər?
İrəlilədikcə suallarımız daha da çoxalırdı bu tələbəsiz qalmış təhsil ocağı ilə bağlı. Nə qədər nəzər yetirsək də, skeletin heyvan və ya insana məxsus olduğunu ayırd edə bilmədik. Elə cavabsız qalan sualları da, naməlum skeletləri də orda qoyub uzaqlaşdıq. Palçıqlı yolla yeridikcə ətrafa səpələnən neçə-neçə tələbə biletləri ilə rastlaşırıq. Bəlkə elə bu tələbə biletlərinin sahibləri hələ də diplom almaq üçün gəl-getdədilər...
Bir xeyli yolu qət etdikdən sonra universitetin əsas binasına çatırıq. Qapı bağlı olsa da, şüşələri tamamilə qırılmışdı. Görünür ki, buranı narkotik yuvasına çevirənlər də binaya girmək üçün şüşələri qırıb. Şüşələrin qırılmış hissəsindən binaya daxil olduq. Dəhliz boyu qaranlıq hökm sürürdü. İllər əvvəl yüzlərlə tələbənin işıqlı yolu kimi görünən bu universitet indi zülmət qaranlığa bürünüb.
Hər otaqda yerlərə tökülən çoxlu tələbə biletləri, tələbələrin təhsil almaq üçün ödədiyi pulların yazıldığı dəftərcə, kompüterlər, çaylar və stəkanlar var. Uzun illər qapısı, pəncərəsi bağlı qalmış binada tozdan nəfəs almaq müşkülə çevrilib. Komputerlərin düzüldüyü bir otağa daxil olduq. Burada qapısı bağlı seyflərdən və dəflərlərdə yazılan rəqəmlərdən mühasibatlıq otağı olduğunu müəyyən etdik.
Maraqlıdır, qapısı bağlı seyfin içərisində nə var?...
Bundan fərqli olaraq digər otaqdakı seyfin qapısı açıq idi. İçərisində isə Mirmövsüm Ağanın şəkili...
Qapıların, divarların uçub yerə töküldüyü üçün ikinci mərtəbəyə qalxa bilmirik. Yenidən gəldiyimiz yolla həyətə çıxırıq.
Gördüyümüz mənzərə “Bir zamanlar gənclərin gələcəyinə işıqlı yol açan məkan indi onların qaranlıq yuvasına çevrilib” deməyə əsas verir.
Elə ərazidə yaşayan sakinlər də uzun illər əvvəl tərk edilmiş universitet binasının onlar üçün yaratdığı çətinliklərdən gileylidir. Onların sözlərinə görə, hər gün polis bu binaya qanunsuz daxil olan gəncləri tutub, bölməyə aparır:
“Ailəmizdəki xanımlar buradan keçməkdən qorxurlar. Başsız qalmış ərazidir. Polis hər gün burdan narkomanları yığıb aparır. Gənc qız-oğlan içəri girib yüz hərəkət edirlər. Dəfələrlə şikayət etsək də, xeyri olmur”.
Bu da belə... Görünən odur ki, bir zamanların “San Marino” ləqəbli universiteti hələ uzun müddət xarabalıq kimi qalacaq.
Fotolar: İlkin Nəbiyev