Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında qadınların din xadimi hesab edilmədiyini bildirib.
Lakin hazırda ölkədə kişi mollalarla yanaşı qadın mollalar da fəaliyyət göstərir.
Maraqlıdır, görəsən, kişilərin din xadimi hesab edildiyi halda, qadınlar niyə din xadimi hesab edilmir?
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı Lent.az-a açıqlamasında bildirib ki, tarixən qadınlar arasında mühəddislər və Quran təfsirçiləri olsa da, onlara din xadimi kimi yox, daha çox alim (üləma) kimi yanaşıblar.
Onun sözlərinə görə, hüzr məclislərini idarə edən qadın mollalarını heç kim din xadimi adlandırmayıb, çünki uzun illər ərzində yüksək dini təhsil yalnız kişilər üçün nəzərdə tutulduğundan qadınların dini xadim statusu alması mümkünsüz olub:
“Bu gün Azərbaycanda İslamşünaslıq üzrə qadınlar yetişdirən təhsil müəssisələri varsa, demək din xadimi statusunun mahiyyəti açıqlanmalı və (qadın və kişi olmasından asılı olmayaraq) kimlərə veriləcəyi təyin edilməlidir”.