"Psixiatriya Xəstəxanasında müalicə alan oğlum hər gecə döyülür" - ŞOK İDDİA
18 mart 2026 17:53 (UTC +04:00)

"Psixiatriya Xəstəxanasında müalicə alan oğlum hər gecə döyülür" - ŞOK İDDİA

0

Bakı sakini 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alan övladının gecələr döyüldüyünü iddia edib.

Lent.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a müraciət ünvanlayan vətəndaş Təranə Əhmədova əqli sağlamlığı məhdud olan oğlu İbrahim İbrahimovun sözügedən xəstəxanada 8 aydır müalicə aldığını söyləyib.

O, övladının bədənində zorakılıq əlamətləri gördüyünü bildirib:

"Hər dəfə xəstəxanaya gedəndə oğlumu göyərmiş vəziyyətdə görürəm. Üz-gözü, bədəni gömgöy olur. Uşağıma zülm verirlər. Xəstəxanada tez-tez zorakılığa məruz qalır. Hər həftə ona baş çəkməyə gedəndə eyni mənzərə ilə qarşılaşıram. Oğluma əsasən gecə növbəsində fiziki zorakılıq edilir. Orada 4 nəfər sanitar var, hər gün döyürlər. Mən nə edim? Nə qədər özbaşınalıq olar?"

Təranə Əhmədova oğluna əlillik təyin olunması üçün də kömək istəyib:

"Oğlumun pensiyası yoxdur. Mən onu həkimlərə apara bilmirəm ki, sənədlərini düzəldim. Poliklinikaya aparmaq lazımdır. Amma maraqlanmışam, xəstəxanada yata-yata da pensiya çıxarmaq mümkündür. Baş həkimdən kömək istəmişəm. Demişəm ki, yoldaşım yoxdur, tək qadınam, bir oğlum var, bir də özüməm. Gücüm çatmır, onu maşına mindirib aparmağa imkanım yoxdur".

O bildirib ki, oğlunun sağlamlıq vəziyyəti də ağırdır:

"Ayağında yarası var. Bir neçə dəfə əməliyyat olunub. Əgər 2-ci və ya 3-cü qrup əlillik versələr, heç olmasa dövlətdən müəyyən məbləğdə pul alaram, dərmanlarını təmin edə bilərəm. Heç olmasa dərmanları pulsuz verərlər".

Məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasından Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şikayətçi Əhmədova Təranə Tofiq qızının oğlu, İbrahimov İbrahim Habil oğlu 02.07.2025-ci il tarixdən “yüngül dərəcəli əqli gerilik davranış pozuntuları” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə stasionar müalicəyə qəbul olunub və hazırda müalicəsi davam etdirilir:

"Valideyn tərəfindən müxtəlif vaxtlarda xəstəxana əməkdaşları barəsində fiziki zorakılıq iddiaları ilə bağlı müxtəlif qurumlarına, o cümlədən Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciətlər edib. Aparılan araşdırmalar zamanı bu iddialar öz təsdiqini tapmayıb, xəstənin bədənində hər hansı xəsarət izi müəyyən edilməyib.

Bununla yanaşı, valideynin özünün bildirdiyinə əsasən, xəstə hospitalizasiyadan əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində travma alıb. Bu səbəbdən o, ixtisaslaşmış tibb müəssisəsində müayinələrdən keçirilib və ciddi ortopedik diaqnozlar müəyyən edilib. Həkim-mütəxəssislər tərəfindən cərrahi müdaxilə tövsiyə olunub.

Respublika Psixiatriya Xəstəxanası tərəfindən xəstənin ixtisaslaşmış tibb müəssisəsinə yönləndirilməsi və əməliyyatın təşkili ilə bağlı valideynə ətraflı məlumat verilib. Lakin valideyn təklif olunan tibbi yanaşmadan imtina edib və alternativ olaraq özəl tibb müəssisəsində müalicə təşkil etmək niyyətini bildirib.

Hazırda, xəstənin psixi vəziyyəti stabildir və müalicə fonunda müsbət dinamika müşahidə olunur. Bununla belə, artıq uzun müddətdir (təxminən 8 ay) stasionar şəraitdə müalicə almasına baxmayaraq, xəstənin ambulator müşahidəyə keçirilməsi və evə buraxılması ilə bağlı valideyn tərəfindən təşəbbüs göstərilmir. Valideyn oğlunun əlillik məsələsini əsassız olaraq xəstəxanadan çıxmadan həll olunmasını tələb edir.

Eyni zamanda bildiririk ki, xəstənin sosial təminat və əlillik məsələlərinin həlli qüvvədə olan qaydalara əsasən onun yaşayış yeri üzrə ambulator qeydiyyata götürülməsindən sonra mümkündür. Bu barədə valideynə dəfələrlə ətraflı izahat verilib.

Qeyd olunan məsələ müəssisə rəhbərliyi tərəfindən də nəzarətdə saxlanılıb, xəstə baş direktor tərəfindən şəxsən müayinə edilib, valideyn xəstəxanaya dəvət olunaraq ona tibbi göstərişlər və müalicə planı barədə bir daha ətraflı məlumat verilib. Buna baxmayaraq, valideyn əvvəlki mövqeyində qalaraq təklif olunan müalicə tədbirlərinə razılıq verməyib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar