Düşmənin qənimi, dostlarının "Canavar" adlandırdığı Emin Kazımov
07 dekabr 2020 16:47 (UTC +04:00)

Düşmənin qənimi, dostlarının "Canavar" adlandırdığı Emin Kazımov

“Özünü yerə atdı, dedi məni vurdular...” – 32 yaşında qalan əbədiyyət sakini

Bu gün Qarabağ müharibəsi ilə yaşıd olan şəhid Emin Kazımovun anım günüdür...

Şəhid Emin Kazımovun əkiz qardaşı Emil Kazımov söhbətə bir il əvvəli xatırlamaqla başlayır:

- Oğlu bizim ad günümüzdə, dekabrın 7-də dünyaya gəldi, atamızın adını qoydu... Həmin günü mənə zəng edib dedi ki, biz burada mənim doğum günümü keçiririk, sən isə Türkiyədəsən. Ürəyim pis olur ki, sən öz doğum günündə orada təksən. Söz verdim ki, gələn il gələcəyəm, birlikdə keçirəcəyik! O da cavab verdi ki, “qaqa, gəl! Ancaq gələn il ikimiz yox, artıq üçümüz ad günümüzü bir yerdə keçirəcəyik!”

Mən sözümə əməl etdim, bu il martın 5-də vətənə qayıtdım. Mən gəldim... Emin isə getdi... Mən həmişə harasa getmişəm... Həmişə də qayıtmışam, Emin isə heç vaxt ailəni tək qoyub heç yerə getməzdi... Bu dəfə birdəfəlik getdi... Ata-anamın oğlu, bacı-qardaşımın qardaşı getdi... Mənim isə param getdi... Param! Canımın parası... Əkiz tayım... 

Sözlər boğazında düyünlənir... Səsi titrəyir... Söhbəti atası Fərman Kazımov davam etdirir:

- Dörd övladım var. Böyük oğlumla qızım universiteti qırmızı diplomla bitiriblər. Əkizlərim Emin ilə Emil də dərslərini çox yaxşı oxuyurdular, ancaq onlar futbola meyl etdilər. Yevlaxın “Karvan” İdman Klubunda oynayırdılar və çox perspektivli futbolçu hesab edilirdilər. Futbol karyeralarını başa çatdırandan sonra Emil Türkiyəyə getdi, Emin isə hərbçi olmaq arzusunu dilə gətirdi. Dedim ki, ay oğul, mən zabit olmaq istədim, atam icazə vermədi. Səni də həmişə zabit görmək istəmişəm. Vaxtında da sənə nə qədər dedim ki, gəl, Hərbi Akademiyada təhsil al... Oxumağın da vaxtı var axı...

Nə isə, qısa zamanda arzusuna çatdı, MAXE kimi fəaliyyətə başladı... İşini o qədər sevirdi ki... Təlimlərdə seçilirdi, yaxşı nəticələr əldə etmişdi. Döyüş tapşırığını yerinə yetirərkən fərqləndiyinə görə fəxri fərmanı da var... Müqaviləsinin vaxtını 5 il də uzatdılar...

Emin gözünü qırpmadan ölümün üstünə gedən oğul idi. Tez-tez deyirdi ki, “ata, biz torpağımızı nə vaxtsa azad edəcəyik!” Mən özüm də bu gün torpağım üçün canımdan keçməyə hazıram...

Hərbidə olduğu illər ərzində mən bir dəfə də olsun oğluma zəng etmədim, təhlükə yarada biləcəyimdən çəkinirdim. Ancaq əmin idim ki, o özü uyğun bildiyi bir vaxtda zəng edəcək. Sadə telefonu var idi, şəkil çəkmirdi, elə təkcə zəng etməkdən ötəri idi...

Son zəngi sentyabrın 27-də, səhər saat 6-da oldu... Biz Bakıda idik, özü yola salmışdı ki, bacımgilə baş çəkin. Guya bir həftəlik getmişdik... 2 gün sonra səhər tezdən zəng etdi:

- Ata, biz gedirik!

- Hara?

- Toya!

- İrəliləmisiniz?

- Hə, ata! Xeyli irəliləmişik...

5 il ərzində o qədər gizli danışmışdı ki, artıq mən də parolları bilirdim... Onlar müharibəyə “toy” deyirdilər...

Saat təxminən 12 olardı, bədənimə titrətmə gəldi. Dedim ki, yığışın, qayıdırıq Yevlaxa! Evə yenicə çatmışdıq ki, qapı döyüldü. Yoldaşım dedi ki, səni axtarırlar... Dedim ya qazdan, ya da sudan ötrü gəliblər... Yoxsa bu saatda məni kim axtaracaq ki?

Çıxdım qapıya... İcra başçısının köməkçisi, yanında da rayonun axundu... “Oğlun yaralıdır, gəl, gedək, gör”, dedilər...

Dedim ki, biz iman gətirmiş adamlarıq, açıq danışın, nə olub, onu deyin!

Axund ağladı...

Əyləşdim  maşına, getdik Bərdəyə... Götürüb gəldik...

Oğlum Vətən müharibəsində Yevlaxa gətirilən ilk şəhid idi... Gəldik ki, bütün rayon toplaşıb. Mənim oğlum kimi gedib, elin oğlu kimi qayıtmışdı. Onun qədəri belə imiş, canı qədər sevdiyi Vətəni üçün döyüşdü, doğru bildiyi yolda şəhadətə qovuşdu...

Yevlaxın Şəhidlər Xiyabanında dəfn etdik... Cənazənin önündə özüm gedirdim... Emini torpağa tapşırıb başımı qaldıranda gördüm izdihamın ucu-bucağı yoxdur... Dedim, Emin, mənim kimsəyə bənzəməyən balam, sənin vidalaşmağa minlərlə insan gəlib, məzarının başında nə qədər insan ağlayır...

Emil davam edir:

- Emin çox ailəcanlı idi. Bütün arzuları ailəsi ilə bağlı idi. Başqa ev almaq və uşaqlarını istədiyi kimi böyütməyi arzulayırdı. Yaşadığı müddətdə ailəsinə hər şeyin yaxşısını alardı. Tez-tez hamımızı axtarar və danlayardı. Deyərdi ki, siz çox soyuqsunuz, bir az istiqanlı olun! O qədər mehriban qardaş idi ki... Hansımızın nə işi olsa Emin tez qabağa düşər, birinci əl atardı...

Ən son zəngini də mənə edib... Səhər atamla danışandan sonra məni yığdı, təxminən 10 dəqiqə telefonla danışdıq. Heç vaxt döyüşlə bağlı nə isə deməzdi. Heç Tovuz döyüşlərində də harada olduğunu bilmədik. Elə zəng edib bir kəlmə “nigaran qalmayın, yaxşıyam, hər şey qaydasındadır” deyərdi. Yenə də “salamatlıqdır”, dedi. “Biz qabağa gedirik” deyəndə and verdim ki, “qaqa, sən Allah, ehtiyatlı ol!”

Təəccüblə, “məni tanımırsan” soruşdu. Qaqa, mən səni qəşəng tanıyıram! Səni hamıdan yaxşı mən tanıyıram! Ona görə and verirəm, dedim. Mən bilirəm ki, sən daldalanan deyilsən. Demirəm arxada qal, gizlən! Amma ehtiyatlı ol! Allaha and verirəm! Sən mənim əkiz tayımsan! Paramsan! Əkiz olanlar bunun nə demək olduğunu bilər. Allaha and verirəm, paramdan muğayat ol!

Bilirdim axı... Onun illərdir dediyi bir söz var idi, “mən şəhid olacağam!” Hər zaman bu sözləri deyirdi. Sentyabrın 26-da sinif yoldaşımız Anara zəng edib deyib ki, “ürəyimə damıb, mən şəhid olacağam. Amma uşaqlardan narahatam, balalarım çox körpədirlər...” Anar cavab verib ki, “Emin, elə danışma, məni ağladırsan!” “Yox, ürəyimə damıb, şəhid olacağam”, deyib...

Anara deyib, mənə isə demədi. Səhər tezdən danışanda çox yorğun və nikbin idi. Bəlkə də nəsə demək istəyirdi, ancaq susdu... Dedim, sən Allah, heç olmasa arada zəng elə!

Mən əbəs yerə demirəm ki, Emin mənim param idi. Qəfil bütün vücudumdan bir gizilti keçdi. Özümü narahat hiss elədim, dayana bilməyib, dərhal onu yığdım. Bilirdim döyüşdədir, bilirdim zəng etmək olmaz! Bilirdim ki, özü zəng edəcək... Ancaq dözməyib, zəng etdim. Açmadı... Kaş ki, açardı... Kaş ki, açıb yaralı olduğunu deyərdi... Bəlkə mən özümü çatdırıb onu həkimə aparardım... Sonradan bildim, dostu Nail danışdı...

...Nail yanında olub. Onların “veş-meşokları” çox ağır olur. Emin dizi üstdə çöküb, çiynindəkini düzəltsin. Həmin vaxtı sol döş qəfəsindən güllə girib, bazu sümüyündən çıxıb... Çiyni qırılıb... Qardaşım özünü yerə atıb... Nail soruşub “nə oldu?” Deyib, “məni vurdular... Ancaq narahat olma, yaxşıyam...”

Nail deyir, kitelinin arxası yanırdı, torpaqla söndürdüm. Çox qan itirib... Emini neytral zonadan çıxardan zaman onu qəbul edən dostu Tural olub...

...Tural danışır ki, “ola bilməz, Emini də vurdular?!” deyib, özümə tərəf çəkdim. Artilleriya atırdı, ağacın altına sıxılıb, gözlədik. Bu müddət ərzində Eminlə əməlli-başlı söhbət elədik, “narahat olma, yaxşıyam”, dedi. Amma çox qan itirirdi. Şillələyirdim ki, “Emin, bircə yatma!”

“Telefonu yerə düşmüşdü, sən zəng edəndə gördüm”, deyir. “Nə olar, açardın! Açıb bircə kəlmə deyərdin ki, özünü yetir, qardaşın yaralanıb” deyirəm... Cavab verir ki, “Nə ağlıma gələr ki, Emin ölər? Düşündüm yaxşıdır, həkimə çatdıracağam, sonra da telefonunu özünə verəcəyik, cavab verəcək. Ancaq hospitala son nəfəsinə yaxın çatdıra bildik, xilas etmək mümkün olmadı...”

Hüzrə gələn dostları onun qorxmazlığından və qəhrəmancasına döyüşdüyündən danışdı. Öyrəndik ki, Emini “Canavar” çağırırmışlar... Çox cəsur idi, döyüşçülərə də ürək-dirək verirmiş... Döyüşçü dostları da deyirlər ki, inanmırıq ki, Emin şəhid olub...

Dostları inanmır, biz gözləyirik, balaları isə xəbərsizdir...

8 yaşlı Zeynəb deyir ki, “atam gələndə bizə şirniyyat alacaq!” 3 yaşlı Xədicə isə “özü gəlsin, şirniyyat istəmirəm”, deyir...

Evin ən kiçiyi, babasının adını daşıyan Fərmanın isə bu gün 1 yaşı tamam olur. Eminin balası Fərmanın 1, parası Emilin isə 33 yaşı tamam olur. Emin isə əbədiyyətə qovuşub. O müharibə ilə eyni yaşda, 32 yaşında qalmağı seçdi...

Fərman atasının haqqında onun döyüşçü yoldaşlarından dinləyib, öyrənəcək ki, bu torpaqlarda bir zaman uzun, çox uzun, bir igidin ömründən də uzun müharibə gedib... O müharibə hər kəsin həyatını yaralayıb. Uşaqdan böyüyə hər kəs o savaşın başa çatması, zəfərin qazanılması üçün ən qiymətli olanından keçib. Fərman isə o savaşa atasını verib!

Fərman, qürurla “mənim atam Vətən müharibəsində zəfərin qazanılması üçün qəhrəmancasına döyüşüb, öz canını fəda edib! Mənim atam mənə bütöv, tam bir Azərbaycan miras qoyub!” deyəcək.

Ancaq hələlik Fərman bütün bunlardan xəbərsizdir. Bu haqda adını daşıdığı babası danışır:

- Övlad itkisi çox ağırdır, qızım. Ancaq mən bu günə şükür edirəm ki, 28 il erməni tapdağında qalan torpaqlarımız azad edildi. Namusumuz, ayaqlanmış izzəti-nəfsimiz onların ayaqları altında qalmadı. Biz bu torpaqları şəhidlərin qanı, canı hesabına geri qaytara bildik. Torpağı Vətənə çevirən şəhid qanıdır. Mən bütün bunları dərindən dərk edirəm. Hər gün şəhidlər xiyabanındayam. Əvvəl Emin üçün “Quran” oxuyuram, sonra da yanında yatan oğullar üçün. Komandiri Sultan Məmmədov da şəhid oldu. Əgər sağ qalsaydı, bəlkə də Emin Kazımovun qəhrəman əsgər olması barədə təqdimat verərdi. Bunu mən demirəm, onunla birlikdə Suqovuşan istiqamətində döyüşən əsgərlər deyir...

Bu gün Bakıdakı 20 nömrəli məktəb-liseydə 2 “X” sinfinə Emin Kazımovun adını veriblər. Emin cəmi bir balasının məktəbə getdiyini gördü, Zeynəb 2-ci sinifdə oxuyur. Onun övladı ilə yaşıd uşaqlar oxuduqları sinfin adını daşıdığı qəhrəmanı tanıyacaq, öyrənəcək, onun əməllərinə layiq nəsil kimi böyüyəcəklər. Mənim övladım o uşaqlarda yaşayacaq...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14847
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar