Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJ
10 fevral 2022 16:39 (UTC +04:00)

Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJ

“Hazırda ən çox kitab oxuyan kimdir? Təbii ki, çoxluq gənclərdən ibarətdir. Bəs bu gənclərin kitab almağa pulu çatırmı? Əksəriyyətinin çatmır. Onları oxumağa təşviq etmək və maraq yaratmaq üçün bu gənclərə pulsuz kitab paylanmalıdıdır”. 

Bunu Lent.az-ın əməkdaşına gənc oxucu Leyla Ələkbərova deyir.

Bəs o nə qədər haqlıdır? Bu suala bir qədər sonra cavab verəcəyik. İndi isə sizə Bakı kitabxanalarından real mənzərəni, bununla bağlı hazırladığımız reportajı təqdim edirik.

Sakitliyə riayət edin; Oxucuları narahat etməyin; Bir kitab, bir elmdir… 

Yəqin ki, bu sözlər çoxunuza tanış gəldi. Kitabxanalardakı məşhur yazılı tablolar... 

Dünyanı cənginə alan lənətə gəlmiş “korona” bir sıra sahələri elektronlaşdırmağı bacardığı kimi kitabxanalara da təsirsiz ötüşməyib.

Onsuz da rəqəmsal dünyada yaşayan insanlar, COVID-in yayılmasından sonra bir qədər də virtuallaşıb. Artıq nəinki dərslər, hətta ən vacib siyasi görüşlər də monitor arxasından baş tutur, ən vacib qərarlar belə, uzaqdan verilir. Sevgilər belə ekran arxasından yaşanır.

Yeri gəlmişkən, virtual dünyaya inteqrasiya olan sahələrdən biri də elektron kitabxanalardır. Amma bu gün sizə təqdim edəcəyimiz yazıda elektron yox, real kitabxanalardan söz açacağıq.
“Savadlı olmaq üçün 10 dənə kitabı oxumaq kifayət edər, amma həmin kitabları tapmaq üçün minlərlə kitab oxumaq lazımdır…”.

Bu deyimi oxuyanda qeyri-iradi ağlımda bir sual yarandı… Bəs, ölkəmizdəki kitabxanalardan bu əhəmiyyətli “10 kitabı” tapmaq olarmı, ümumiyyətlə onların fəaliyyəti necədir? 

Elə bu sualdan yola çıxaraq fəaliyyət göstərən bir neçə kitab mağazaları, kitabxanalar barədə qısa araşdırma apardıq. Araşdırmanın maraqlı nəticələri oldu. Onları sıra ilə sizə təqdim edirik:

Məsələn, məlum olur ki, indiki dövrdə ən çox maraq bədii ədəbiyyatadır. Elmi ədəbiyyat çox vaxt tələbələrə imtahan zamanı lazım olur.

Araşdırmamızı ölkənin ən böyük kitabxanası olan Axundov adına Milli Kitabxanadan başladıq. Yuxarıda qeyd etdiyimiz kimi, girişdə “Sakitliyə riayət edin” cümləsi yazılmış tablo ilə rastlaşdıq. 
Kitabxanada olan sakitlik, köhnə kitabların iyi, rəflər arasında kitab axtaran oxucuların üzündəki ifadə, sanki, insana bir hüzur verir.

Müşahidələrimiz zamanı rastlaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Səbəb isə kitabxanada oxucuların az olması və rəflərdə bədii əsərlərdən çox elmi kitabların üstünlük təşkil etməsi idi. Bu oxucuların daha çox müəllim, tələbə və təhsil işçilərindən ibarət olmasına səbəb yaradır.
Kitabxanada araşdırma zamanı məlum oldu ki, imtahan ərəfələrində oxucu sayı daha çox olur.

Yolumuzu başqa kitabxanalardan da saldıq...

Elə müşahidəmizə Xəqani bağı yaxınlığında yerləşən “Baku Book Centre”də davam etdirməyi qərara aldıq.

İçəri girəndə kitabxanın gözoxşayan dizaynı, retro musiqinin sədaları altında kitab oxuyan oxucuların üz ifadələri insanda müsbət enerji yaradır. 

Burada diqqətimizi çəkən ən önəmli nüans görmə qabiliyyəti zəif və məhdud olan insanlar üçün ayrı guşənin fəaliyyət göstərməsi idi. “Brayl” (görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) sistemi ilə yazılan kitablar və xüsusi avadanlıq ilə təchiz olunmuş guşədə istifadəçilər üçün rahat şərait yaradılıb.

Buranın pis tərəfi isə bir sıra kitablara əl vurmağın qadağan edilməsiydi. Eyni zamanda da, əksər kitabların köhnəlmiş, cırılmış vəziyyətdə olması…

Kitabxananı müşahidə edərkən oxuculardan biri Leyla Ələkbərova ilə həmsöhbət olduq. Əlində Samipaşazadə Sezainin “Sərgüzəşt” kitabını oxuyan gənc elə söhbətə kitabdan gətirdiyi sitatla başladı: 

“Hər kəs bir dəfə doğulur və ətrafımızdakı neqativ hər insan və hər şey bizə düşündüyümüzdən daha çox zərər verir...”

Bundan əlavə, gənc oxuyucu ölkədə çap olunan kitabların xarici kitablardan baha olmasından şikayətlənir: 

“Bununla yanaşı o söyləyir ki, kitab oxumaq istəyən üçün heç nə əngəl ola bilməz... Oxuma statistikaları hər il dəyişir, amma bizdə çox azdı. Ortalama 3000 adama ayda 1 kitab düşür cəmisi. Amma qeyd edim ki, bəzi kitab mağazaları açılandan sonra maraq artdı. Yavaş-yavaş da artacaq, sadəcə kitab qiymətləri əsas da Azərbaycanın öz nəşrləri bahadı. Bilmirəm niyə özümüz çap etdiyimiz kitabı xaricdən gələndən baha satırlar?!”.

Söhbət zamanı məlum oldu ki, Leyla hər il 50 kitab oxumağı qarşısına məqsəd qoyur:

“Mən hər il kitab siyahısı tuturam və il sonu məqsədimə çatanda çox sevinirəm. İl ərzində 50-100 arası kitab oxumağı hədəfləyirəm.

Kitabxanalar yetərli deyil. Gedib rahat kitab oxuyacağımız və ya götürəcəyimiz yerlər həddən artıq azdır. 

Çox yaxşı olardı ki, açıq kitabxanalar olsun, hər dildən bədii ədəbiyyat əldə edə bilək, gedib rahat oturub oxuya bilək. Məsələn, Axundov kitabxanasında əsasən elmi ədəbiyyatdı. Bədii ədəbiyyatı çox geri salırlar. Kitab oxuyan və əsas oxumalı olan çoxluq gənclərdi deyə kitablar biraz gənclərin büdcəsinə uyğun olmalıdır. Onları oxumağa təşviq etmək və maraq yaratmaq üçün bu gənclərə pulsuz kitab paylanmalıdıdır. Bizdə bununla bağlı tədbir çox azdır.

Nəşrlərimiz son 2-3 ildə daha yaxşılaşıb, mən kitab mağazalarında gəzəndə əsas da klassiklərdən lazımlı kitabların bizim dilə gətirildiyini görürəm”.

Söhbətimizi sonlandırıb, araşdırmamıza davam edirik...

Bu dəfə müşahidələrimizi Metronun “Gənclik” stansiyası ətrafında yerləşən “Libraff” kitab mağazasında aparacağıq.

Bəli, bura kitabların satış məntəqəsi olsa da, bir tərəfdə insanlara rahat kitab oxumaq üçün guşə yaradıblar. Bu gözəl mənzərədir. “Libraff” üçün ümumi fikrim qənaetbəxş idi.

Ümumilikdə, kitabxanalarda apardığımız müşahidələr ölkədə kitab oxucusunun çox olmaması, kitablara qoyulan qiymətin əhalinin bütün təbəqələrinin büdcəsini əhatə etməməsi və insanların daha çox bədii əsərlərə üstünlük verməsi ilə nəticələndi. Amma necə deyərlər, bütün bunlar bizim kitab oxumağımıza mane olmamalıdır. 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5463
avatar

Fidan İlqar

Oxşar yazılar