Ombudsmandan uşaqlarla bağlı paylaşım edənlərə MÜRACİƏT
23 avqust 2025 16:22 (UTC +04:00)

Ombudsmandan uşaqlarla bağlı paylaşım edənlərə MÜRACİƏT

Sosial şəbəkələrdə uşaqlar bir növ istismar olunurlar. Yəni, azyaşlılar qeyri-professional rəqs etməklə toylara cəlb olunur və ya uşaqlar üzərindən hər hansı bir əşya reklam edilir. Eləcə də valideynlər övladlarını qeyri-etik formada çəkib paylaşır. Bəs uşaqların təhlükəsizliyi üçün sosial platformalarda hansı tədbirlər görülməlidir?

Ombudsman Aparatından Lent.az-a bildirilib ki, Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələbləri nəzərə alınmaqla güclü qanunvericilik bazası formalaşdırılıb. Konstitusiyamızda uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətlərə cəlb etməyin qadağan olunması təsbit edilib.

İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlər və milli qanunvericilik aktları uşaq əməyinin istismarını qadağan edir. Uşaq əməyinin istismarı uşaqların fiziki və mənəvi inkişafına zərər vurur, əksər hallarda onların təhsildən yayınmasına səbəb olur.

Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində əsas istiqamətlərdən biridir. Müvəkkil uşaqların mənafelərinin hər zaman üstün tutulmasının, onların sağlam psixoloji mühitdə böyüməsinin dövlətin, cəmiyyətin və hər bir fərdin birgə vəzifəsi olduğunu vurğulayır. Uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına, eləcə də təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur, həmçinin istismar riskini artırır.

Ombudsman hesab edir ki, media subyektlərində, sosial şəbəkələrdə uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli, uşağın şəxsi, həmçinin ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı, onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir.

Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə də şərait yaradılmalıdır.

Ombudsman dəfələrlə uşaq hüquqlarının pozulması ilə bağlı müraciətlərlə çıxış edərək, illik məruzələrində uşaqların istismarı və onların inkişafına zərər vura biləcək hallara qarşı hüquqi, eləcə də ictimai tədbirlərin gücləndirilməsini tövsiyə edib.

Belə halların yolverilməz olduğunu diqqətə çatdıraraq Ombudsman bir daha media subyektlərini, cəmiyyətin hər bir üzvünü, o cümlədən valideynləri uşaqlarla bağlı materialların paylaşılmasında diqqətli və həssas davranmağa, etik prinsiplərə və hüquqi tələblərə riayət etməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar