Ölümündən sonra belə analarını qoruyan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ
07 noyabr 2024 20:15 (UTC +04:00)

Ölümündən sonra belə analarını qoruyan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ

Bu hadisəni kiminiz mistika, kiminiz uydurma adlandıra bilərsiniz. İnanıb-inanmamaq öz işinizdir. Mən onu danışan həkimin qəhərlənməsini, göz yaşlarını görüncə inandım. İnsan yalandan çox söz deyə bilər. Amma yalandan gözləri dolmaz, sözlər boğazında düyünlənməz.

“Şəhidlər ölmür, onların ruhları aramızda dolaşır, lakin biz görmürük” deyimini çoxunuz eşitmisiniz. Bu əhvalat iki nur üzlü şəhid balamızın ölümdən sonra belə analarını qoruması barədədir. Söhbətimizin qəhrəmanları Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsinin müdiri Mehriban Hacızadə, şəhid Xudayar Yusifzadənin anası Rada Qurbanova və şəhid Nurlan Ağakişiyevin anası Pərvanə Ağakişiyevadır.

Şəhid Nurlan Ağakişiyev və anası Pərvanə xanım

Pərvanə xanım bir neçə gün öncə qadın xəstəliyi səbəbi ilə əməliyyat olunub. Şəhid anasına baş çəkmək üçün xəstəxanaya getdim. Pərvanə xanımın həkimi Mehriban Hacızadə də palatada idi. Söhbət əsnasında Pərvanə xanım üzünü Mehriban xanıma tutub dedi ki, əslində başqa xəstəxanaya üz tutacaqdım. Oğlum, yuxuma girdi, dedi ki, get Mehriban xanımın yanına.

Cərrah Pərvanə Hacızadə

“Bir müddətdir xəstələnmişdim, ağrıyırdım. Amma heç kimə demirdim. Nurlanın ölümündən sonra qohum-qardaşdan soyumuşam, hamıdan uzaq dururam, telefonlara cavab vermirəm. Yəni heç kim nə haldayam bilmir. Bir-iki dəfə zəng gəldi mənə, heç əlaqə saxlamadığım uzaq qohumlar zənğ vurub dedilər ki, Nurlan yuxumuza girib, deyir anam xəstədir, onu qoruyun. 3 ayrı-ayrı adam bunu deyəndən sonra durdum gəldim həkimə. Şəhid Xudayarın anası Rada xanım buranı tövsiyə elədi. Biz şəhid anaları indi ailə kimi olmuşuq. Sıx-sıx əlaqə saxlayırıq. Gələn kimi bildirdilər ki, əməliyyat olunmalısan”.

Mən heyrətlə dinləyirəm, bu hekayəni. Mehriban xanımın gözləri dolub. Pərvanə xanımın əllərini sığallayır. “Bəs siz bilirsinizmi Rada xanımla məni Xudayar ölümündən sonra tanış edib? Xudayar tez-tez yuxuma girirdi. Elə hey narahat-narahat nələrsə deyirdi, amma səsini eşitmirdim. Aylarla yuxumdan çıxmadı. Məscidə gedib dua oxutdurdum, amma yenə görürdüm. Bir gün dedilər, get məzarını ziyarət elə. Mən də getdim. Yolüstü gül dükanından bir dəstə çiçək aldım. Oyuncaqlar da satılırdı dükanda, qeyri-ixtiyari əlim panda oyuncağına uzandı. Panda da aldım. Niyə aldım, onu da bilmirəm. Durdum getdim Bərdəyə. Məzarını ziyarət etdim, anasını görmək istədim, dedilər evdə yoxdur. Qayıtdım gəldim. Üstündən bir ay keçmişdi, Rada xanım gəldi xəstəxanaya. Özünü təqdim elədi. Dedi şəhid Xudayarın anasıyam, nə vaxtdır səni axtarıram. Dedim niyə? Dedi ki, oğlum gecə-gündüz yuxuma girib deyir ki, Bakıda Mehriban adlı bir həkim var, sarışın, göy gözlü qadındır, onu tap, get yanına. Neçə-neçə xəstəxanalardan soruşmuşam, axırda Hacı Nuranın köməkliyi ilə axtarıb tapmışam səni. Mən Rada xanımı qucaqladım, dedim getmişdim Xudayarın ziyarətinə. Bundan ötrü girirmiş yuxularıma, anasını tapşırırmış. Tibb bacısı da dedi ki, Mehriban xanım panda alıb aparmışdı məzar üstünə. Rada xanım da kövrəldi, dedi Xudayarın panda sevdiyini siz haradan bilirdiniz? Uşaqlıqdan panda oyuncaqlarına həvəsi olub onun”.


Mehriban xanım danışdıqca özü də kövrəlir, mən də. Pərvanə xanım isə gözlərini pəncərənin önünə qonmuş ağ göyərçinə dikir. Nəsə pıçıldayır. Bəlkə də oğlunun ruhu ilə danışır, bilmirəm.

İki igid oğul, iki vətən uğrunda canından keçmiş əsgər ölümdən sonra da analarını qoruyur, həm vətənin, həm ailələrinin keşiyini çəkirlər. 
Ruhunuz şad olsun həm ailələrinizdən, həm vətən sarıdan, şəhidlər!

Onu da qeyd edək ki, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Hazırda işğaldan azad edilmiş ərazilərdə təqribən 30 min nəfər məskunlaşıb. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4035
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar