"İranda 40 milyona yaxın türk yaşayır. Ancaq onlar 100 ildən artıqdır ki, öz doğma torpaqlarında ana dillərində təhsil almaq hüququndan məhrum ediliblər. Məktəblərdə türk dilində təhsil qadağandır".
Lent.az xəbər verir ki, bu barədə Təbrizin "Traktor Sazi" klubu sosial şəbəkə hesabında paylaşımında bildirib.
Paylaşımda, məktəbli geyim forması ilə bağlı Azərbaycanı pisləyənlər qınanılıb və İrandakı türklərin çətinliklərindən bəhs olunub:
"İnsanların öz ana dillərində sərbəst danışmasına belə maneələr yaradılır.
Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim öz şirkətinə, mağazasına və ya digər müəssisəsinə türkcə ad verə bilmir. Yalnız fars və ərəb dillərinə üstünlük verilir! Hətta ölkə prezidentinin belə öz ana dilində danışmasına çətinliklə icazə verilir!
Amma Azərbaycanda guya bir həftədir hicab qadağası tətbiq olunduğuna görə hamınız öz qardaşlarınıza qarşı düşmən kəsilmisiniz!
Bəs 100 ildən artıqdır İranda yaşayan müsəlman türklərə qarşı həyata keçirilən assimilyasiya siyasətinə niyə səsinizi çıxarmırsınız?! Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər önəmlidirsə, əgər insan haqlarından, ədalətdən və vicdandan bu qədər danışırsınızsa, məgər İranda yaşayan bu insanlar müsəlman deyil?!
Niyə söhbət İrandan düşəndə susursunuz?! Niyə Azərbaycana qarşı bu qədər həssaslıq nümayiş etdirənlər İran türklərinin hüquqları tapdalananda səslərini çıxarmırlar?!".