Minlərlə tələbə dövlət imtahanının ləğvini TƏLƏB EDİR - AZƏRBAYCANDA
27 may 2022 16:00 (UTC +04:00)

Minlərlə tələbə dövlət imtahanının ləğvini TƏLƏB EDİR - AZƏRBAYCANDA

Son günlər respublikada sonuncu kursda təhsil alan tələbələr arasında imtahanla bağlı tendensiya yaranıb. Belə ki, məzun olan tələbələrin əksəriyyəti 4 ilin sonunda verəcəkləri dövlət imtahanının ləğvini tələb edirlər.

Bu kampaniyaya qoşulmuş tələbələr günün müəyyən saatlarında hazırladıqları mətnləri Təhsil naziri Emin Əmrullayevin mesaj qutusuna göndərirlər. Necə deyərlər, istəklərini reallaşması üçün də “canlarını fəda” edirlər.

Maraqlıdır bəs, dövlət imtahanının ləğvi nə dərəcədə realdır?

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Lent.az-a məsələ barədə danışıb. 

Onun sözlərinə görə, dövlət imtahanının ləğvi absurddur:

“Bu məlumatlardan mənim də xəbərim var. Bu tələbləri doğru hesab etmirəm. Təbii ki, gənclər bizim gələcəyimizdir, onları qorumaq lazımdır. Amma bu şəkildə dövlət imtahanının ləğvini tələb etmək doğru deyil. Dövlət imtahanı ixtisas fənləri üzrə keçirilir. Bu imtahan hər zaman 4 ilin sonunda baş tutur. 

Düzdür, dövlət imtahanları hər zaman tələbələrdə narahatlıq yaradıb. Bu onların məsuliyyəti dərk etmələrindən irəli gəlir. Tələbənin işi tələb etməkdir”. 

Təhsil eksperti Kamran Əsədov isə saytımıza açıqlamasında sonuncu kursda oxuyan tələbələrin eyni fənlərdən imtahan verməsinin lazımsız olduğunu vurğulayıb:

“İlk növbədə qeyd edim ki, hazırda respublika üzrə 51 ali təhsil müəssisələrində 187 min tələbə təhsil alır. Bu il 45 min tələbənin məzun olması gözlənilir. Etiraf edək ki, pandemiya dönəmində ali təhsil müəssisələrində tədrisin təşkili qaydaları dəyişdi. Bu da tələbələrin fənləri mənimsəməsində müəyyən qədər problemlər yaratdı”. 

Biz uşaqları iki dəfə yoxlamış oluruq, bu da normal deyil... 

“Hər semestrin sonunda fənlər üzrə imtahan verirlər. Təkrar 4-cü kursda eyni fənlərdən tələbələrin imtahana cəlb edilməsinin heç bir mənası yoxdur. Biz uşaqları iki dəfə yoxlamış oluruq. Bu da normal deyil. 

Dünyada qəbul olunmuş normalara görə tələbələr ÜOMG-yə əsasən diplom alırlar. Hesab edirəm ki, hələ pandemiyanın tamamilə başa çatmadığını nəzərə alsaq, ÜOMG-ni əsas götürməliyik. Bu səbəbdən ortalama bala əsasən diplom verilməsi yeganə çıxış yoludur”. 

Tələbələrin Emin Əmrullayevə göndərdiyi məktub:

# 4119
avatar

Fidan İlqar

Oxşar yazılar