İxtisas seçimi bitir, azı 8 min nəfər kəsiləcək   - Abituriyentlərə XƏBƏRDARLIQ
18 avqust 2026 14:01 (UTC +04:00)

İxtisas seçimi bitir, azı 8 min nəfər kəsiləcək - Abituriyentlərə XƏBƏRDARLIQ

0

Sabah 23:59-da ali məktəblərə ixtisas seçimi yekunlaşır.

DİM-dən Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında 70 mindən çox abituriyent ixtisas seçimini təsdiqləyib.

Bəs görəsən, ixtisas qrupları üzrə hansı ixtisaslarda bal artımının olması gözlənilir? Seçim zamanı nələrə diqqət etmək lazımdır? Riskli qrup, eləcə də ixtisaslar hansılardır?

İxtisas seçimi üzrə ekspert Elçin Murad Lent.az-a açıqlamasında bildirib ki,

Sabah ixtisas seçimi yekunlaşır. İxtisas seçiminə çox az vaxt verilib. Bir həftə abituriyentlər üçün olduqca qısa müddətdir. Hazırda ixtisas seçimini etdirə və ya vaxtında çatdıra bilməyənlər var. Ümid edirəm ki, yekunda bununla bağlı problem yaşanmaz və Dövlət İmtahan Mərkəzi müddəti heç olmasa, bir gün uzadar.

Üçüncü ixtisas qrupunda vəziyyət həmişə olduğu kimi yenə də ağır olacaq. Təxminən 7-8 min abituriyent tələbə ola bilməyəcək. Ümumiyyətlə, III ixtisas qrupunda 250-dən aşağı bal toplayan abituriyentlərin kəsilmə ehtimalı çoxdur.

Birinci və ikinci qruplarda vəziyyət yaxşıdır. İkinci ixtisas qrupunda düzgün ixtisas seçimi olarsa, balı 200-dən yuxarı olan abituriyentlərin kəsilmə ehtimalı yoxdur.

Dördüncü ixtisas qrupunda isə vəziyyət üçüncü qrupa yaxındır. Düzgün ixtisas seçimi edilməsə, tələbə ola bilməyənlərin sayı çox olacaq”.

Ekspert bildirib ki, 500-600 ballı ixtisaslarda müəyyən qədər enmələr olacaq:

İkinci qrupda ciddi bal artımı gözlənilmir. Birinci qrupda da balların əsasən stabil qalacağı, 250-400 bal aralığında isə müəyyən qədər artım olacağı gözlənilir. Daha yüksək nəticələrdə, yəni 500-600-dən yuxarı ballı ixtisaslarda müəyyən qədər enmə ola bilər.

Burada RK (riyaziyyat-kimya) və Rİ (riyaziyyat-informatika) altqrupları da bir-birindən fərqlənir. RK altqrupunda 500-dən yuxarı ballı ixtisaslarda enmə olacaq. Amma 500-dən aşağı ballı ixtisaslarda sabitlik gözlənilir.

Rİ altqrupunda isə 500 baldan yuxarı olan ixtisasların keçid balı təxminən 5-10 bal arta bilər. Çünki Rİ altqrupunda bu il rəqabət çoxdur. Xüsusilə də 150 ballıq ixtisasların sırasına kompüter mühəndisliyi və informasiya texnologiyalarının əlavə edilməsi rəqabəti daha da artırıb”.

Üçüncü qrupda bal artımı olacaq, balların enməsi gözlənilmir. Xüsusilə 600 baldan aşağı olan ixtisaslarda artım olacaq. Yalnız 600-dən yuxarı ballı ixtisaslarda keçid balı 5-10 bal azala bilər.

Dördüncü qrupda 600-dən yuxarı ballı ixtisaslarda ciddi bal artımı gözlənilir. Çünki bu il kifayət qədər çox abituriyent 600-dən yuxarı bal toplayıb. 600-dən, xüsusilə 500-dən aşağı ballı ixtisaslarda ciddi artım müşahidə olunmasa da, yenə də güclü rəqabət olacaq.

Ən çox rəqabət informatika sahəsinə aid ixtisaslarda, tibb ixtisaslarında, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, maliyyə, iqtisadiyyat və logistika sahələrində olacaq. Bu ixtisaslara tələbat çox olduğuna görə, bal artımı da daha çox həmin ixtisaslarda müşahidə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar