İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi nəticələrə səbəb ola bilər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 114 ölkədən olan ekspertlərin təqdim etdiyi yeni hesabatı iqlim dəyişikliyinin insan sağlamlığı üçün yaratdığı təhlükələri müəyyən edir. Araşdırmaya görə, əgər dünya ictimaiyyəti qlobal istiləşmənin qarşısını almaq üçün təcili tədbirlər görməsə, onda əsrin ortalarına qədər həddindən artıq yüksək temperatur indikindən demək olar ki, beş dəfə çox insanın ölümünə səbəb olacaq.
Hesabatın əsas tapıntısı ondan ibarətdir ki, istiləşmə indiki templə sənayedən əvvəlki səviyyədən 2,7 dərəcə yuxarı davam edərsə, 2050-ci ilə qədər istiliklə bağlı ölümlər 370 faiz artacaq. Bu, əsasən ekstremal iqlim şəraitinə ən həssas olan yaşlı insanlara aiddir.
Daha tez-tez baş verən quraqlıqlar səbəbindən qida çatışmazlığı ilə üzləşən insanların sayında da artım olacaq. Təxminən 520 milyon insanın orta və ya ağır dərəcədə qida çatışmazlığı ilə üzləşəcəyi proqnozlaşdırılır. Bu, kənd təsərrüfatına təsir edən və tez-tez quraqlıqlara səbəb olan iqlim dəyişikliyinin birbaşa nəticəsidir.
Denge qızdırması kimi ağcaqanad vasitəsilə yoluxucu xəstəliklərin yayılmasına da xüsusi diqqət yetirilir. Proqnozlara görə, temperaturun 2 dərəcə Selsi artması ilə bu xəstəliyin yayılması 36 faiz artacaq. Bu, iqlim dəyişikliyi ilə əlaqəli yoluxucu xəstəliklərlə mübarizə üçün daha effektiv strategiyalar tələb edən əlavə ictimai sağlamlıq problemləri yaradır.
Ətraf mühitdəki dəyişikliklərin fəlakətli nəticələrinin qarşısını almaq üçün ölkələr 2030-cu ilə qədər karbon qazı emissiyalarını 43 faiz azaltmalıdırlar. Bunun üçün Paris sazişində nəzərdə tutulan mövcud siyasətlərdən daha iddialı tədbirlər və strategiyalar tələb olunur. Əks halda, dünya ölüm hallarının artması, xəstəliklərin yayılması və ərzaq qıtlığı kimi real təhlükə ilə üz-üzə qalaraq, planetimizin ekoloji tarazlığının qorunmasını aktuallaşdıracaq.
İstidən ölənlərin sayı 4 dəfə artacaq: Bu, nə vaxt baş verəcək?
5868