“İndi işəgötürən sanki Nobel mükafatının sahibini axtarır” – İşsizlik PROBLEMİ
01 noyabr 2024 10:27 (UTC +04:00)

“İndi işəgötürən sanki Nobel mükafatının sahibini axtarır” – İşsizlik PROBLEMİ

“İşəgötürən sanki Nobel mükafatının sahibini axtarır. 10 il iş təcrübəsi, yüzlərlə sertifikat, ən azı iki ali təhsil tələb edən vakansiyaların əksəriyyəti boşdur. Ona görə də əhali Bakı və Abşeron ərazisinə axışıb. Regionlarda iş potensialı olduğu halda, əhali orada işləyə bilmir”.

Bu fikirləri Lent.az-a sosioloq Elçin Bayramlı söyləyib. Sosioloqun fikrincə Azərbaycanda işsizlik problemi hələ də davam etməkdədir. 

Onu da deyək ki, iş müraciətlərindən heç bir cavab almamaq demək olar ki, hər kəsi ruhdan salır. Bəs, tez bir zamanda iş tapmaq istəyənlər nə etməlidir?  Nə üçün bir çoxları Azərbaycanda iş tapmağın çətin olduğundan şikayətlənirlər? 
Elçin Bayramlının bu barədə fikirlərini sizə təqdim edirik:

“Faktiki olaraq mövcud əmək bazarı işçilərin tələblərini qarşılayacaq səviyyədə deyil. “Yaxşı mütəxəssisə ehtiyac var” sözləri uydurmadır. Bütün sahələrdə hər səviyyəyə malik insanlar olmalıdır və onlar işlə təmin olunmalıdır. Məsələn, ölkədə 100 min peşəkar mütəxəssis işlə təmin olundu, bəs qalan 1 milyon işsiz şəxs nə etməlidir? 

Ölkədəki işsizlik problemi bir çox subyektiv faktorlarla əlaqədardır. Biznesə müdaxilələr, istehsal müəssisələrin azlığı, kənd təsərrüfatı işlərində yaranan maneələr nəticəsində paytaxta işçi axını və s. bu faktorlar sırasındadır”.

Sosioloq şirkətlərin 300-400 manatlıq iş üçün qoyduğu tələbləri absurd sayır.

Onun sözlərinə görə, belə bir mühitdə məşğulluq probleminin həlli mümkün deyil:

“Dövlət elə bir şərait yaratmalıdır ki, hər kəs bacardığı peşə üzrə özünə iş tapa bilsin. Artıq bir neçə ildir ki, özünəməşğulluq proqramı fəaliyyət göstərir. Lakin proqramın həm əhatə dairəsi çox kiçikdir, həm də ona ayrılan vəsait azdır. Bu məsələ həll olunmalıdır ki, işsizlik aradan qalxsın. 
Əgər dövlətin hər kəsi işlə təmin etmək kimi bir öhdəliyi yoxdursa, bu zaman elə bir azad iqtisadi mühit yaratsın və ya dəstək göstərsin ki, insanların özləri üçün iş qursunlar. Ölkədəki banklarda biznes kreditlərinin faizi yüksək, tələb və şərtlərin sayı çoxdur. Kimsə özünə iş qurmaq istəyəndə belə zərərə düşür, əldə etdiyi gəlirlə xərclərini ödəyə bilmir”.

Dünyada işsizlik probleminin müxtəlif həll yolları olduğunu qeyd edən sosioloq Azərbaycanda da həmin metodlardan istifadəni zəruri hesab edib. 

Xatırladaq ki, 2019-cü ildən ölkəmizdə fəaliyyətə başlayan Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaranlar üçün xidmət göstərir. Bəs vətəndaşlar Agentliyin xidmətlərindən necə yararlana bilərlər? Ümumiyyətlə, bu proses necə həyata keçirilir? 

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı saytımıza açıqlamasında bildirib ki, vətəndaşlar həm Agentliyin işlə təminat xidmətindən yararlanmaq, həm də digər tədbirlər üzrə öz məşğulluqlarını təmin etmək üçün Regional Məşğulluq filiallarına  və ya DOST mərkəzlərinə müraciət edə bilərlər: 

“İşə qəbul üçün ilk addım vətəndaşın qeydiyyata alınması ilə başlayır. Prosedurun növbəti mərhələsi vətəndaşın məşğulluq imkanlarının qiymətləndirilməsidir. Yəni, Agentlik tərəfindən vətəndaşın daha öncə hansı işlərdə çalışdığı, onun tez bir zamanda əmək bazarına qazandırılması məsələlərini araşdırır. Vətəndaş üçün yol xəritəsi hazırlandıqdan sonra hansı məşğulluq xidmətlərinə yönləndiriləcəyi müəyyənləşir. Ən uyğun tədbir olaraq işlə təminat prosesi müəyyənləşirsə, vətəndaşın məşğulluq bacarıqlarına görə aktiv olan vakansiyalara baxılır. Münasib iş varsa, vətəndaşın məlumatları işəgötürən tərəfə yönləndirilir və beş iş günü ərzində bununla bağlı qərar qəbul edilir”.
Qurum rəsmisi qeyd edib ki, məşğulluq istiqamətində peşə hazırlığı, əmək yarmarkalarında vətəndaşların iştirakı və s. kimi tədbirlər də həyata keçirilir:

“Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı da fəaliyyət göstərir ki, bu, necə iş tapacağını bilməyən vətəndaşlar üçün müxtəlif layihələr icra edir və onlarla karyera məsləhəti görüşləri keçirir. "Alo Karyera" dəstək xidməti iş axtarışı və qəbulu prosesində vətəndaşa lazım olan biliklər istiqamətində ona köməklik göstərir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7551
avatar

Ləman Sərraf

Oxşar yazılar