Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.
Şuradan Lent.az-a verilən xəbərə görə, iclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”nin efirində aşkarlanan qanun pozuntusu faktı müzakirə olunub.
“Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12.19-da) proqramın aparıcısı (İlham Mirzəyev - red.) hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib ki, bununla da, "Media haqqında" qanunun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.