Lent.az Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədovun müsahibəsini təqdim edir:
- Hepatit viruslarına necə yoluxulur?
- Hepatit viruslarından A və E fekal-oral dediyimiz, yəni infeksiyalara məruz qalan əl, su və qidadan yoluxulur. Hepatit B, C, D isə qan, tüpürcək, vaginal mayelər və sperma kimi yoluxan bədən mayeləri ilə təmas yolu ilə yayıla bilər. Bəzi hallarda pasientlər hətta hardan və necə yoluxuduqlarını belə xatırlamır, çox vaxt da etiraf etməkdən çəkinirlər.
Qorunmaq üçün bir çox şəxsi gigienik vasitələrə diqqət etmək vacibdir. Məsələn, dırnaqtutan, daraq, diş fırşası, xanımların manikür zamanı istifadə olunan alətlərin və s. şəxsi olması tövsiyə edilir. Qan və bədən mayesi ilə kontakta ola biləcək istənilən vasitə digər insanlar tərəfindən istifadə edilməmişdən öncə mütləq sterilizasiya olunmalıdır.
- Hepatit virusunun hansı əlamətləri var?
- Bu virusların əsas hədəf orqanı qaraciyərdir ki, onu zədələyib sıradan çıxarırlar. Qaraciyər sizi həyatda saxlamaq üçün hər gün 500-dən çox vacib funksiyanı səssizcə yerinə yetirir. Lakin viral hepatit infeksiyası da səssizdir, simptomlar yalnız xəstəlik irəlilədikdən sonra görünür.
Qaraciyər xəstəliyinin əsas əlaməti halsızlıq, güc itkisi və yorğunluqdur. Virus kəskin və xroniki gedişli olur. Kəskin hepatit virusu zamanı xəstənin gözləri, dərisi saralır, halsızlıq, iştahsızlıq, ürək bulanma və s. əlamətləri ilə müşahidə edilir.
Kəskin gedişli hepatit A el arasında sarılıq xəsətliyi kimi tanınır. Bu virusa insan bir dəfə yoluxa bilər, kəskin sarılıqla müşahidə edilir. Bəzi hallarda kəskin qaraciyər şatışmazlığına səbəb ola bilər. Bu dövrdə xəstələrin narahat olmaması və qaraciyərini lazımsız əlavə dərmanlarla yükləməməsi vacibdir. Əlamətlər üzə çıxdıqdan ilk 14 günü digər insanları yoluxdurmamaq üçün təmasdan çəkinmək lazımdır və həkimə müraciət etmək şərtdir.
Hepatit B və C daha sakit keçir. Pasientlər çox zaman öz xəstəliklərindən xəbərsiz olur və təsadüfən müayinələr zamanı aşkar edilir.
Hepatit B daşıyıcısı olan əksər pasientlər bir immunoloji statusda olurlar. Yəni, qanda virus aşkar olunsa da, lakin qaraciyəri zədələmir. Bu qrup xəstələr müalicə olunmur, sadəcə izləmədə qalırlar. Pasientlər digər şəxsləri yoluxdura bilər, ona görə də daşıyıcılığı olan şəxslərin ailə üzvlərinin Hepatit B-yə qarşı vaksinasiya olunmaqları tövsiyə edilir.
Hepatit B xəstələrində bəzən D hepatit virusuna da rast gəlinir. Bu iki virus birgə qaraciyərdə ciddi fəsadlara yol açaraq, sirroz xəstəliyinə səbəbə ola bilir. D virusu sərbəst şəkildə yaşaya bilmədiyindən yalnız hepatit B olan xəstələrdə rast gəlir.
Hepatit C çox nadirən kəskin gedişli olaraq, əksəriyyət xəstələrdə xroniki qaraciyər xəstəliyinə yol açır. Hepatit C virusunda daşıyıcılıq anlayışı yoxdur. Virus qanda aşkar edilibsə, mütləq müalicə olunmalıdır.
Hepatit E az rast gəlinən bir hepatit virus növüdür, əsasən Şərqi və Cənubi Asiya regionunda yayılıb, öz-özünə üç həftəyə sağalan bir xəstəlik hesab edilir.
- Hepatit viruslarının müalicəsi ilə bağlı vəziyyət necədir?
- İlk növbədə qeyd etmək istərdim ki, Hepatit B virusunun tam müalicəsi olmasa da, bu virusu “dondurub” qaraciyərin zədələnməsinin qarşısını ala bilirik.
Hepatit A və E öz-özünə sağaldığında spesifik dərmanı yoxdur. Hepatit C iki, üç aya tam sağalan bir virusdur, mövcud müasir dərmanlarla bu xəstəlikdən tam qurtulmaq mümkündür.
Dərman vasitələrinin əlçatanlığı xroniki qaraciyər xəstəliklərinin müalicəsi üçün çox əhəmiyyətlidir.
- Hepatit viruslarından necə qorunmaq lazımdır?
- Hepatit A, B, D, E-dən qorunmaq üçün vaksin mövcuddur. Hepatit A və B əleyhinə vaksin vurdurmaqla bu virusdan tamamilə qorunmaq mümkündür. Bu vaksinlər həm uşaq, həm də böyüklər üçün mövcuddur və virusdan qorumaqda təhlükəsiz və effektivdir.
Bildiyiniz kimi, artıq bütün yeni doğulan uşaqlar vaksinasiya proqramı çərçivəsində vaksinasiya olunur. Tibb işçiləri, insanlarla birbaşa təmasda olan xidmət sektorunda olanlar hepatit B-ə qarşı vaksinasiya olunması ciddi tövsiyədir. Belə ki, ÜST bütün körpələrə, peyvənd olunmayan uşaqlara və yeniyetmələrə, 19-dan 59 yaşa qədər böyüklərə və hepatit B infeksiyası üçün risk faktorları olan 60 və yuxarı yaşlı insanlara hepatit B peyvəndini tövsiyə edir.
Hepatit B üçün bilinən risk faktorları olmayan 60 yaş və ya daha yuxarı böyüklər də hepatit B peyvəndi oluna bilərlər.
Hər bir kəsə heç olmasa ömründə bir dəfə hepatit B və C-ə görə test etdirməyi məsləhət görürəm. Mümkün olduqda, illik profilaktik yoxlamalar zamanı hepatit viruslarını test etməsi məqsədəuyğundur. Virus aşkar edilərsə, müalicə, monitorinq və qorunma üçün peyvənd etməyi tövsiyə edərdim.